Azyaşlıların olduğu məkanda qəyandan istifadə nə dərəcədə düzgündür? - Vəkildən CAVAB
Son vaxtlar bəzi ictimai iaşə obyektlərində azyaşlıların iştirakına baxmayaraq qəlyan istifadəsinə icazə verilməsi müşahidə olunur ki, bu da qanun pozuntusu olmaqla yanaşı, uşaqların sağlamlığına və psixologiyasına zərər vurur. Bu halların qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?
Bu barədə Vəkil Fariz Namazlı Patrulaz.az-a açıqlamasında bildirib ki, azyaşlıların qəlyan və tütündən istifadəsinə şərait yaratmaq inzibati məsuliyyət daşıyır:

“”Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanuna görə, bütün növ qəlyanlar və elektron siqaretlər tütün məmulatlarına bərabər tutulur. İnzibati xətalar məcəlləsinin 212.3-cü maddəsinə görə, yetkinlik yaşına çatmayanlara tütün məmulatı almaqla, verməklə, tütün məmulatından istifadəni təklif və ya tələb etmək yolu ilə onların tütündən istifadə prosesinə cəlb edilməsi 100 manat inzibati cərimənin tətbiqinə səbəb olur. Ona görə də qəlyan çəkilən yerlərə yetkinlik yaşına çatmayan şəxslərin buraxılması və onların qəlyandan və ya tütündən istifadəsinə şərait yaradılması inzibati məsuliyyət yaradır. Təbii ki, bu kimi halların qarşısını almaq üçün müvafiq yoxlamalar keçirilə bilər və pozuntu hallarının qarşısı alına bilər”.
Vekilin sözlərinə görə, qanunvericiliyə əsasən qəlyan və elektron siqaret tütün məmulatı sayılır, azyaşlıların onlara cəlb olunması isə 100 manat cərimə ilə nəticələnir. Buna görə də obyektlərdə yoxlamaların gücləndirilməsi vacibdir.
Cəmilə Cəfərzadə






