“Bakı ilə dialoqdan qaçaraq hakimiyyətə gələnlər sonda sadəcə meydandan qaçdılar” - Paşinyandan etiraf
Ermənistanın Baş naziri Nikol Paşinyan 2023-cü ilin sentyabrında Azərbaycanın Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirlərində Ermənistan hökuməti ilə bağlı sensasiya doğuran faktlar açıqlayıb.
Patrul.az xarici KİV-ə istinadla xəbər verir ki, Paşinyan həmin dövrdə Qarabağdakı qeyri-qanuni rejimin və Ermənistan müxalifətinin “sona qədər mübarizə” şüarlarının saxta olduğunu ifşa edib.
Baş nazir bildirib ki, kəşfiyyat məlumatlarına görə, sentyabr hadisələri zamanı Qarabağdakı ermənilərin qanunsuz silahlı birləşmələrinin əlindəki resursların böyük hissəsi istifadə olunmayıb.
“Sursatın təxminən 80-90%-i toxunulmamış qalmışdı. “”Sona qədər döyüşmək” iddiaları yalan idi. Mən gələcəkdə müqaviməti deyil, məhz qaçışı sübut edən faktları dərc edəcəyəm”, – deyə Paşinyan qeyd edib.
Paşinyanın sözlərinə görə, Ermənistan hökuməti Azərbaycanla siyasi proses üçün müəyyən şərait yaratmışdı. Lakin Qarabağdakı “hakim dairələr” Azərbaycanın şərtlərini qəbul etmək əvəzinə rejim dəyişikliyinə getdilər. O, bu addımın Ermənistandakı müxalifət tərəfindən dəstəkləndiyini və məqsədin İrəvanda hakimiyyəti devirmək olduğunu vurğulayıb. Paşinyan əlavə edib ki, Bakı ilə dialoqdan qaçaraq hakimiyyətə gələnlər sonda sadəcə meydandan qaçdılar.
Ermənistan daxilindəki revanşist meyilləri tənqid edən Baş nazir, regionda qarşılıqlı ittihamlara son qoyulmasının vacibliyini bildirib. O, xalqına müraciət edərək, “yeni soyqırımlar haqqında məlumat verməyi dayandırın” çağırışını edib və Ermənistanın əsas strategiyasının Azərbaycanla sülh və sabitliyi təmin etmək olduğunu diqqətə çatdırıb.
Gülbəniz Səfərova






