"Bakı və Ankaradan Makrona rədd cavabı onun Cənubi Qafqazda “xilaskar” oyununu pozdu" - ŞƏRH
Ermənipərəst mövqeyi ilə seçilən Fransa növbəti dəfə bu yanaşmasını nümayiş etdirib. Söhbət Fransa Prezidenti Emmanuel Makronun 2026-cı il mayın 6-da 30 ildən artıqdır bağlı olan Ermənistan-Türkiyə quru sərhədini keçmək cəhdindən gedir. Belə ki, 3-5 may tarixlərində bir sıra tədbirlərdə iştirak etmək üçün İrəvana səfər edən Makron Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşmək məqsədilə quru yolla sərhədə yollanıb.
İddialara görə, Türkiyənin bəzi rəsmiləri ilkin mərhələdə bu plana razılıq versələr də, məsələ dövlət başçısı səviyyəsinə qaldırıldıqda Prezident Ərdoğan rəsmi Bakı ilə məsləhətləşmələr apardıqdan sonra Makrona rədd cavabı verib.
Bəs Makron niyə məhz 30 ildir qapalı qalan quru sərhədi keçməyə cəhd göstərdi?
Məsələ ilə bağlı Patrul.az-a fikirlərini bölüşən politoloq Asif Nərimanlı bildirib ki, Makron bu addımı ilə bağlı qalan sərhədin açılmasına nail olmaq və beləliklə, “Cənubi Qafqazda mənim də həlledici rolum var” statusunu bərpa etməyə çalışıb:
“Makronun Türkiyə-Ermənistan quru sərhədini keçmək istəyi Fransanın Cənubi Qafqazla bağlı planlarına dayanır. Bununla Makron Ermənistanın maraqlarına uyğun addım atmaq istəyir. Türkiyə-Ermənistan quru sərhədinin açılması İrəvan üçün əsas strateji məsələlərdən biridir. Amma Makron bilir ki, Ankara bu məsələyə rəsmi Bakının mövqeyi kontekstindən yanaşır. Yəni Türkiyənin bununla bağlı İrəvana qoyduğu əsas şərt odur ki, Azərbaycanla tam sülh əldə edildikdən sonra quru sərhədlərin açılması məsələsinə baxılsın. Ermənistan isə Türkiyə ilə münasibətlərin normallaşması və quru sərhədlərin açılması məsələsini üçüncü tərəflərin iştirakı olmadan reallaşdırmaq istəyir. Azərbaycanla sülh danışıqlarına başlanıldıqdan sonra Ermənistan Türkiyə ilə quru sərhədlərin açılmasına nail olmaq üçün səy göstərmişdi. Amma Ankaranın mövqeyi bəllidir”.
Politoloqun sözlərinə görə, Makron sərhədi keçə biləcəyi təqdirdə Ermənistan digər rəsmilərini də bu üsulla ölkəyə daxil edə bilərdi:
“Fikrimcə, Makron bu prosesdə Ermənistan-Türkiyə quru sərhədinin açılması prosesini başlatmaq istəyirdi. Fransa lideri əgər Ermənistan-Türkiyə quru sərhədini keçsəydi, bu, ən azı iki ölkə arasında quru sərhədlərinin açılması üçün yeni bir presedent olacaqdı. Əgər bu sərhəd açılsaydı, Ermənistan artıq digər liderlərin də bu yollarla ölkəyə keçməsinə şərait yaratmağa çalışacaqdı”.

A.Nərimanlı bildirir ki, Makronun bu addımında Ermənistanın maraqlarını da nəzərə alaraq məqsəd Azərbaycanın qardaş ölkə Türkiyə ilə münasibətlərinə nifaq salmaq olub:
“Bu məsələ həm də Bakı ilə Ankara arasında müəyyən anlaşılmazlıqlar və soyuqluq yarada bilərdi. Ermənistan da istəyir ki, Türkiyə-Azərbaycan münasibətlərində soyuqluq yaransın, İrəvan-Ankara münasibətləri isə Bakının maraqları kontekstindən çıxarılsın. Bilirik ki, Makron Ermənistana özünü “xilaskar” kimi göstərməyə çalışırdı. Əgər həqiqətən də Makron Türkiyə-Ermənistan quru sərhədini keçsəydi, bu, İrəvan hökuməti üçün böyük üstünlük qazandırardı. Belə ki, Fransa liderinin həm Ermənistanda, həm də ölkəsindəki erməni icması arasında nüfuzu yüksələrdi”.
Həmsöhbətimiz Türkiyə və Azərbaycanın əvvəlki mövqeyinə sadiq qalaraq Ermənistanla sərhəd məsələsində Makronun keçidinə icazə verilməməsini yüksək qiymətləndirib:
“Fransanın da bu prosesdə xüsusi marağı var. Belə ki, Fransa Cənubi Qafqazda həlledici güc kimi çıxış etmək niyyətindədir. Makronun burada əsas məqsədi həm də Azərbaycan-Ermənistan sülh prosesində Fransanın müəyyənedici tərəf kimi çıxış etməsinə nail olmaqdır. Bir sözlə, Makron bununla Cənubi Qafqazda mövqeyini gücləndirməyə çalışır. Xatırladım ki, Ermənistanla 44 günlük Vətən müharibəsində Fransa çox çalışdı ki, Ermənistanı qorusun, amma alınmadı. Daha sonrakı dövrdə Fransanın ermənipərəst mövqeyi səbəbilə Azərbaycan Fransanı Cənubi Qafqazdan kənarlaşdırdı. İndi Paris hökuməti yenidən Ermənistan vasitəsilə Cənubi Qafqazdakı əvvəlki mövqeyini bərpa etmək istəyir.
Türkiyə-Ermənistan quru sərhədinin açılması məsələsi və Makronun bu prosesi başlatmaq istəyi məhz Fransanın Cənubi Qafqaza qayıdış planlarına xidmət edir. Lakin bu məsələ daha əvvəl Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında müzakirə olunub. Bununla da Makronun quru sərhəddən keçidinə faktiki olaraq icazə verilmədi. Ərdoğan bununla təbii olaraq Fransanın Cənubi Qafqazda üstünlük qazanmaq siyasətini arxa plana keçirdi. Ermənistanın Türkiyə ilə münasibətlərini normallaşdırmaq üçün Azərbaycanın maraqlarını kənarlaşdırmaq niyyətinin də baş tutmasına imkan verilmədi. Bu kontekstdə Əliyev və Ərdoğan çox doğru bir addım atdılar. Bu onu göstərir ki, Cənubi Qafqazda siyasi gündəliyi əsas formalaşdıran məhz iki ölkə – Türkiyə və Azərbaycan liderləridir. Bundan sonrakı dövrdə də proseslərin inkişafı Cənubi Qafqazın gələcəyi ilə bağlı məsələlərdə əsas həlledici rolun Bakı və Ankarada olduğunu göstərir”.
Gülbəniz Səfərova






