media-3bd87f6f-4a71-4838-96a8-d245a8b75888

Azərbaycanda Türkiyə və İsrail arasında diqqətçəkən görüş baş tutub. Sözügedən iki ölkə rəsmiləri Suriyada baş verə biləcək insidentlərin qarşısını almaq məqsədilə Azərbaycanda birləşiblər.Tərəflər arasında aparılan müzakirələrdə əsas diqqət Suriyada gərginliyin azaldılması və mümkün qarşıdurmaların qarşısını almaq üçün mexanizmlərin yaradılmasına yönəlib. İsrail nümayəndə heyəti görüş zamanı Suriyada xarici hərbi qüvvələrin yerləşdirilməsinə dair məsələlərə xüsusi həssaslıqla yanaşdıqlarını vurğulayıblar. Onlar xüsusilə Palmira bölgəsində Türkiyə tərəfindən hərbi bazaların yaradılması ehtimalını “qırmızı xətt” kimi qiymətləndirərək bu cür addımların regionda gərginliyi daha da artıracağını bildiriblər. İsrailli rəsmilər qeyd ediblər ki, belə fəaliyyətlər yalnız İsraili deyil, həm də Suriya hakimiyyətinin öz təhlükəsizliyini ciddi şəkildə riskə ata bilər. Görüş iki tərəf arasında ziddiyyətli keçməsi ilə yadda qalıb. Lakin Azərbaycan öz mövqeyini qətiyyətlə göstərək, iki ölkə arasında vasitəçi rolunu oynayıb. Politoloq Sahil Kərimli görüşün gedişatını bütün təfərrüatları ilə Patrulaz.az-a şərh etdi:

“Azərbaycan həmişə olduğu kimi yenə də dostluq və qardaşlıq münasibətlərini ortaya qoyur. Nəticədə, qardaş Türkiyə ilə dost İsrail arasında münasibətlərin normallaşdırılmasına öz dəstəyini əsirgəmir. Bu baxımdan, İsrail və Türkiyə nümayəndələri arasında baş tutan təmaslar rəsmi Bakının ikitərəfli münasibətlərin inkişafına verdiyi davamlı dəstəyin növbəti nümunəsidir”.

Politoloq görüşdə Azərbaycanın da vasitəçi kimi artan rolundan danışdı:

“Eyni zamanda, Azərbaycan uzun illər Türkiyə və İsrail arasında münasibətlərin normallaşdırılmasına öz dəstəyini verib. Hətta, xatırladım ki, Bakıda keçirilən “Yeni dünya nizamına doğru” adlı qlobal forumda Prezident cənab İlham Əliyev bu məsələ ilə bağlı açıqlama verərək, Azərbaycan ilk dəfə olaraq İsrail və Türkiyə arasında münasibətlərin normallaşmasına dəstək verdiyini açıq şəkildə bəyan etdi. Bundan sonrakı dövrlərdə də ölkəmiz hər iki dost ölkənin arasındakı problemlərin həllini irəli aparılmasında daim dəstək göstərmişdir. Bu siyasət gələcəkdə də Azərbaycan tərəfindən qətiyyətli şəkildə davam etdiriləcəkdir. Bu gün Suriyadakı hadisələr fonunda Türkiyə və İsrailin bölgədəki maraqları üst-üstə düşür və bu da aralarında bəzən gərginliyin artmasına səbəb olur”.

media-42861c59-2eed-4275-bad7-f093ada97e04
S. Kərimli məsələ ilə bağlı açıqlamasında Türkiyənin Suriyada aktiv mövqe sərgiləməsinin tam əsaslı olduğunu bildirib. Onun sözlərinə görə, qardaş Türkiyənin bu bölgədə geniş sərhədləri və uzun illər davam edən təhlükəsizlik problemləri nəzərə alındıqda, ölkənin Suriyadakı maraqları tamamilə başa düşüləndir:

“Nəzərə almaq lazımdır ki, qardaş Türkiyənin Suriyada çox böyük maraqları var. Ona görə ki, Türkiyənin Suriyada çox böyük sərhədləri var. Eyni zamanda, Suriyada uzun illər davam edən ciddi problemlər və müxtəlif terrorçu qrupların fəaliyyəti Türkiyə üçün real təhlükə yaradıb ki, bu da narahatlıqlarını anlaşılan edir. Bununla da Türkiyənin Suriya məsələsi ilə bağlı ciddi mövqe tutaraq, bu istiqamətdə öz milli maraqlarını qoruyub saxlaması başa düşüləndir. Bu da İsrail tərəfindən də qəbul edilməlidir. Çünki qeyd etdiyim kimi Türkiyə bu ərazilərdən davamlı terrorla bağlı ciddi təhdidlər almışdır. Bu gün Suriyada sabitliyin və təhlükəsizliyin təmin olunması Türkiyə üçün əsas prioritet məsələlərdən biridir. Ona görə də, Türkiyə bu gün çox doğru və düzgün addımlar ataraq öz milli və siyasi maraqlarını qoruyur”.

Politoloq Suriyada Türkiyənin maraqları olduğu qədər, İsrailin də bölgədəki əsas fəaliyyətinin məğzini açıqladı:

“İsrail də Suriya ilə bağlı müəyyən gözləntilər içərisindədir. Çünki İsrailində bölgədə çox ciddi maraqları var. Sözügedən maraqların hər iki ölkə tərəfindən razılaşdırılmış formada təmin edilməsi əsas şərtlərdən biridir. Baxmayaraq ki, Bakıda keçirilən görüşdə müəyyən fikir ayrılıqları olub. O cümlədən, görüşdə tərəflər arasında ziddiyyətlər baş verib. Xüsusi ilə İsrail özünün qırmızı xətlərini elan etmişdir. Amma yenə də qarşıdakı dövrlərdə baş tutacaq görüşlər zamanı bu məsələlər də razılaşdırılacaqdır. Nəticədə, tərəflər bir-birlərinə müəyyən güzəştlər etməklə öz maraqlarını istədilər kimi təmin edəcəklər.Bu kontekstdə Azərbaycan həm bu gün, həm də gələcəkdə belə görüşlərin keçirilməsini təşviq edəcək və hər iki tərəfə dəstəyini davam etdirəcək”.

Bir sözlə bu görüş Azərbaycan diplomatiyasının uğuru kimi dəyərləndirilə bilər. Politoloqun da qeyd etdiyi kimi, Azərbaycan tərəfinin bu cür dialoqlara ev sahibliyi etməsi regionda sülh və sabitliyin təminində mühüm rol oynaya bilər.

Gülbəniz Səfərova


Bənzər xəbərlər