Bakıda məktəbli qızları avtomobili ilə təqib edən şəxs 15 gün inzibati qaydada həbs olunub
Bakıda məktəbli qızları avtomobili ilə təqib edən şəxs saxlanılıb və məhkəmə qərarı ilə 15 gün inzibati qaydada həbs olunub.
Patrulaz.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsi istiqamətində baş verib.
Belə ki, 1993-cü il təvəllüdlü V.B. idarə etdiyi avtomobillə hazırlıq kursundan qayıdan 15 yaşlı G.H. və K.L.-ni təqib edib. Qızlar qorxaraq bir neçə dəfə gizlənsələr də, V.B. onlara yaxınlaşaraq “Qorxmayın, mənə sosial şəbəkə hesablarınızı verin” deyə bildirib. Qızlar isə onun təkidinə cavab olaraq 15 yaşlarında olduqlarını və sosial şəbəkələrdən istifadə etmədiklərini söyləyiblər. Buna baxmayaraq, V.B. “Nə olsun, mənim də 22 yaşım var”, – deyə cavab verib.
Hadisədən dərhal sonra azyaşlıların valideynlərinin polisə müraciəti əsasında V.B. saxlanılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polis əməkdaşının qanuni tələbinə tabe olmama) maddələri ilə protokol tərtib olunub və iş məhkəməyə göndərilib.
Məhkəmə zamanı V.B. bildirib ki, həmin gün Babək prospektindən avtomobil üçün ehtiyat hissəsi almağa gedirmiş. Onun sözlərinə görə, Neftçilər dairəsindən Bakıxanov istiqamətinə tez-tez getdiyi üçün həmin ərazidə bir nəfərin psixi problemlərinin olduğunu bilirmiş. Hadisə günü də həmin şəxsi görüb və o, qışqırmağa başlayanda iki məktəbli qız qaçmağa başlayıb. V.B. isə guya onlara kömək etmək məqsədilə avtomobilini onların qaçdığı istiqamətə sürdüyünü və izləmə məqsədi güdmədiyini deyib. Uşaqlar onu görəndə də qaçıblar. Bu zaman qızlar ondan onları niyə izlədiyini soruşub. V.B. isə onları izləmədiyini, sadəcə qışqırıb qaçdıqlarına görə kömək etmək istədiyini bildirib.
Lakin məhkəmə onun izahatlarını əsaslı saymayaraq V.B.-yə 15 sutka inzibati həbs cəzası verib.