Bakıda ödənişli yollar tıxac problemini həll edəcəkmi? - ŞƏRH
Prezident İlham Əliyevin imzaladığı “Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərmana əsasən, Bakıda ödənişli hərəkət zonaları yaradılacaq. Fərman 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.
Maraqlıdır ki, ödənişli yollar tıxac problemini həll edə biləcəkmi?
Mövzu ilə bağlı Patrulaz.az-a danışan nəqliyyat eksperti Aslan Əsədov bildirib ki, ödənişli yol məsələni tıxacdan xilas edən amil deyil, sadəcə psixoloji vəziyyəti dəyişə bilər:
“Ödənişli yolların tıxacı azaltdığı fikirləri ümumilikdə bəzi ölkələrdə keçərlidir, bəzi ölkələrdə yox. Ona görə keçərlidir ki, ödənişli yollar həmin ərazidə tıxac varsa, ona təsir göstərə bilər. Nəyə görə təsir göstərə bilər? Ödənişli yol yüklənməyən yol olur və ərazinin bu hissəsindən digər hissəsinə rahat keçid edə bilirsən, cəmləşməyə səbəb olmur. Amma elə ərazidə var ki, orada ödənişli yol olsa belə, insanlar pulunu verib yenə tıxacın içinə gəlirlər. Ona görə burada ödənişli yol məsələni həll edən amil deyil, sadəcə psixoloji vəziyyəti dəyişə bilər. Psixoloji vəziyyəti belədir ki, “mən tıxacda qalmayım, həmin ödənişli yolla istifadə edim və keçim gedim”. Onsuzda gedəcəyi yer tıxacdadırsa, o keçsə belə, gedib tıxacda qalacaq. Ona görə təsir çox az ola bilər”.
A. Əsədov bildirib ki, əsas məqsəd tıxacın aradan qaldırılması deyil, ictimai nəqliyyata dəstək verməkdir:
“Onu demək olar ki, bizim məqsədimiz ictimai nəqliyyata dəstəkdir, məqsəd tıxacın aradan qaldırılması deyil. Burda fərmandada xüsusilə qeyd olunub ki, ictimai nəqliyyatın ümumi rentabelliyini dəstəkləmək və bu istiqamətdə atılan addımın həlli məqsəd götürülüb. Söhbət bundan ibarətdir”.
Ödənişli yollar tıxac problemini tam həll etmir, onların əsas funksiyası ictimai nəqliyyata dəstək verməkdir.
Cəmilə Cəfərzadə






