Bakıda saxlanılan rusiyalı vətəndaşlar kimlərdir? - Onlar arasında psixoloq, IT mütəxəssisləri və...
İyulun 1-də narkotik vasitələrin tranziti və kiberfırıldaqçılıq şübhəsi ilə Bakıda saxlanılan Rusiya vətəndaşlarının kim olduqları məlum olub.
Patrulaz.az “Baza”ya istinadən xəbər verir ki, saxlanılan şəxslər arasında müxtəlif ixtisas sahibləri – proqramçılar, psixoloqlar və hətta tanınmış startap təsisçiləri də var:
Sergey Sofronov – 23 yaşlı gənc Çerepovetsdə anadan olub, AMTEK Liseyinin kadet sinfini bitirib. 2020-ci ildə Kalininqrada köçərək Kant Universitetində təhsil alıb. 2022-ci ilin oktyabrında səfərbərlik başlayandan sonra əvvəlcə Qazaxıstana, daha sonra isə Azərbaycana gəlib.
Anton Draçev – Onlayn kimyəvi təmizləmə xidmətləri təqdim edən rus startapı “Airo”nun yaradıcısıdır. 41 yaşı var. O da həbs olunanlar arasındadır.
Dmitri Bezuqli – Sankt-Peterburqdan olan 30 yaşlı proqramçıdır. Narkotik tranziti və kiberfırıldaqçılıq işinə görə saxlanılıb.
Dmitri Fedorov – 22 yaşlı rusiyalı Sankt-Peterburqda Memarlıq və İnşaat Universitetində təhsil alıb. O Azərbaycana bir neçə ay əvvəl gəlibmiş.
Aleksandr Vaysero – 35 yaşlı Yekaterinburqdan olan turistdir. Onun məhkəmə prosesində iştirak etmədiyi, kamerada görünmədiyi qeyd olunur.
Valeri Dulov – 38 yaşlı developer Arxangelskdə anadan olub. Neft mühəndisliyi sahəsində fəaliyyət göstərib, sonradan “Qazpromneft”də developer kimi çalışıb. 2022-ci ildə Rusiya sərhədini keçərək Qazaxıstana, oradan Azərbaycana gəlib.
Aleksey Vasilçenko – 25 yaşlı psixoloq Norilskdə anadan olub. Sankt-Peterburqda yaşayıb, Azərbaycana turist kimi gəldiyi bildirilir.
Xatırladaq ki, iyulun 1-də Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən İrandan narkotiklərin tranziti, onlayn ticarəti və kiberfırıldaqçılıq şübhələri ilə bağlı 8 Rusiya vətəndaşı saxlanılıb. Məhkəmə onların barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.
Hazırda istintaq davam edir.