Bakıda xanım müştərini söyərək təhqir edən "Bolt" taksi sürücüsü həbs olunub
Bakıda xanım müştərini söyərək təhqir edən “Bolt” taksi sürücüsü inzibati qaydada həbs olunub.
Patrulaz.az-ın Qaynarinfo-ya istinadən məlumatına görə, Leyla “Bolt” tətbiqi vasitəsilə taksi sifariş edib. Ünvana 1997-ci il təvəllüdlü, Bakıda anadan olmuş C.V. adlı sürücü gəlib. Müştəri uşağının skuterini avtomobilin yük yerinə yerləşdirib.
Sürücü skuteri yükləyərkən avtomobilin cızıldığını iddia edərək sərnişini aparmaqdan imtina edib. Müştəri ziyan vurmadığını və sifarişin ünvana çatdırılmalı olduğunu bildirib.
Daha sonra hər iki tərəf avtomobildən düşüb və aralarında mübahisə yaranıb. C.V. küçədə, insanların gözü qarşısında nalayiq ifadələr işlədərək sərnişini təhqir edib. Zərərçəkmiş qadın sürücüdən şikayətçi olub və barəsində ciddi tədbir görülməsini istəyib.
Məhkəmənin qərarı ilə sürücü İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi (“Xırda xuliqanlıq”) üzrə təqsirli bilinərək, 5 gün inzibati həbs cəzası alıb.






