“BakıKart” yerini rəqəmsal ödənişlərə verir: “Google Pay” və “Apple Pay” ilə yeni rahatlıq dövrü
Bakıda metroda ödəniş sisteminin yenilənməsi insanlar tərəfindən müsbət hal kimi qarşılanıb. Artıq “BakıKart”la yanaşı, bank kartları və mobil ödəniş vasitələri – “Google Pay” və “Apple Pay”də keçid üçün istifadə oluna biləcək.
Bəs bu dəyişiklik gələcəkdə “BakıKart”ın tamamilə ləğv olunmasına səbəb ola bilərmi?
Nəqliyyat eksperti İlqar Hüseynli Patrul.az-a açıqlamasında bildirib ki, vətəndaşlar yeni ödəniş sistemindən razıdır, çünki “BakıKart”la bağlı əvvəlki çətinliklər artıq aradan qalxır:
“Təbii ki, vətəndaşlar bu haldan narazı deyil, əksinə, razı qalmalıdırlar. Çünki “BakıKart” kartlarına pul yükləməklə bağlı əvvəllər ciddi problemlər yaşanırdı. Terminallarda nasazlıqlar olurdu və buna görə vətəndaşların bu prosesə çox vaxtı gedirdi. Bəzən elə hallar olurdu ki, avtobus dayanacaqlarındakı terminallar işləmirdi və insanlar metroya daxil olub orada kartlarına pul yükləməli olurdular. Bu, bir çox narahatlıqlar yaradırdı.”
Ekspertlərin fikrincə, “BakıKart” yaxın gələcəkdə yerini tamamilə rəqəmsal ödəniş sistemlərinə verə bilər:
“Google Pay və Apple Pay vasitəsilə ödənişin mümkün olması çox yaxşı təşəbbüsdür. İndi istənilən halda vətəndaşlar elektron mənbələrdən ödənişlərini rahat şəkildə həyata keçirə, metro və avtobuslardan asanlıqla istifadə edə biləcəklər. Bu sistem ödəniş imkanlarını məhdudlaşdırmır, əksinə, genişləndirir və daha rahat seçimlər yaradır. Ola bilər ki, “BakıKart” keçici bir dövr üçün qalacaq və zamanla öz yerini bu yeni ödəniş sistemlərinə verəcək.”
Cəmilə Cəfərzadə






