Başına sancılan bıçaqla xəstəxanada gəzişib, telefonla oynadı - Şok görüntülər
Hindistanın Mumbay şəhərində baş verən qanlı insident həm hüquq-mühafizə orqanlarını, həm də tibb işçilərini heyrətə gətirib.
Patrul.az sosial şəbəkələrdə yayılan görüntülərə əsasən xəbər verir ki, 27 yaşlı Rohit Pavar başına sancılmış kəsici alətlə xəstəxanaya daxil olaraq tibbi yardım növbəsini gözləyib.
İlkin istintaq məlumatlarına görə, hadisə mayın 2-də gecə saatlarında toyuq dükanının qarşısında qeydə alınıb.
Əvvəlki mübahisə zəminində üç nəfər tərəfindən pusquya salınan 27 yaşlı Rohit Pavara yerli dildə “koyta” adlanan ağır tiyəli oraqla zərbə endirilib. Digər hücumçular isə yaralıya fiziki zorakılıq tətbiq edərək hadisə yerindən qaçıblar.
Ağır kəllə-beyin travması almasına alan zərərçəkən huşunu itirməyərək dostunun motosikleti ilə xəstəxanaya yollanıb.
Xəstəxananın müşahidə kameralarına əks olunan görüntülərdə başına dərindən nüfuz etmiş bıçaqla soyuqqanlı şəkildə dəhlizdə gəzən və tibbi qeydiyyat zamanı telefonuna baxan zərərçəkən görənləri təəccübləndirib.
Hadiəsədən sonra cərrahiyyə əməliyyat keçirən gəncin həkimi, neyrocərrahiyyə şöbəsinin rəhbəri Dr. Batuk Diyora baş verənləri “möcüzə” adlandırıb:
“Tiyə kəllə sümüyünü parçalayaraq beyin toxumasına 3-4 santimetr nüfuz etsə də, xoşbəxtlikdən həyati əhəmiyyətli nitq və motorika mərkəzlərinə toxunmayıb. Bu, xəstənin hərəkət və danışıq qabiliyyətinin qorunmasına imkan verib”.
Hazırda reanimasiya şöbəsində olan Rohit Pavarın vəziyyətinin stabil olduğu bildirilir.
Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində hücumda şübhəli bilinən 3 nəfər saxlanılaraq istintaqa cəlb olunub.
Faktla bağlı araşdırmalar aparılır.
Gülbəniz Səfərova






