media-inshot_20260717_153625608

Ötən gün saat 16 radələrində, Tərtər rayonunun Təzəkənd kəndinin ərazisində Bərdə rayon sakini 64 yaşlı Adil Əhmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə əks istiqamətli hərəkət zolağına çıxaraq, qarşıdan gələn Əzim Əhmədovun idarə etdiyi “DAF” markalı yük avtomobili ilə toqquşub.

Qəza nəticəsində Adil Əhmədov və sərnişini – həyat yoldaşı Elza Əmirova hadisə yerində həyatlarını itirib, yük avtomobilinin sürücüsü isə xəsarət alıb.

Patrul.az xəbər verir ki, bu barədə məlumatı DİN Mətbuat Xidmətindən verilib.

Bildirib ki, ilkin araşdırmalara görə hadisənin “Mercedes” markalı avtomobilin sürücüsünün sükan arxasında yuxulaması səbəbindən baş verməsi ehtimal olunur.

“Baş Dövlət Yol Polisi İdarəsi ehtimal olunan səbəbdən dəfələrlə ağır yol-nəqliyyat hadisələrinin qeydə alındığını bir daha təəssüf hissi ilə xatırladır və hazırda mövsüm üçün xarakterik olan isti havanın sürücülərin əhval-ruhiyyəsinə, ətraf mühitə reaksiyasına mənfi təsir göstərdiyini nəzərə alaraq, onları yorğun, yuxusuz halda sükan arxasına əyləşməməyə, günün nisbətən sərin vaxtı yola çıxmağa, uzaq məsafələrə səfərlər zamanı qısa müddətli istirahət etməyə çağırır.

Unutmayaq: Təhlükəsizliyimizə diqqət həyatımıza və doğmalarımıza verdiyimiz dəyərdir!” – deyə BDYP vətəndaşlara çağrış edib.


Bənzər xəbərlər