“Artıq yas məclislərimizdə ölənlər unudulur, dirilərin isə qiybəti edilir” Səməndər Niftəliyev yazır
Bu yaxınlarda bir yas məclisində idim. Ətrafımda əyləşən insanların çoxunu, demək olar ki, tanımırdım. Yalnız yas sahiblərini tanıyırdım. Molla hər zamankı kimi ərəb dilində Quran ayələri oxuyurdu. Ərəb dilini bilmədiyim üçün nə oxuduğunu başa düşə bilmirdim. Belə olan halda istər-istəməz insanın fikri yan-yörəsində əyləşən insanların nə danışdığına yönəlir.
Demək olar ki, məclisdə dünyasını dəyişən insandan başqa hamıdan danışırdılar. Qiybətin biri bir qəpikdən idi, necə deyərlər. Elə bil Almaniya brendinə məxsus məhsulun saxtasını Çinin zirzəmilərində fəaliyyət göstərən sexlərdə hazırlayıb, vergi ödəmədən qaçaq yolla gətirmişdilər. Kimisinin ərindən boşandıqdan sonra bunu gizlədən qızından, kiminsə yas məclisinə gəlmədiyi üçün “gözüçıxmış” deyə xitab etdikləri oğlundan, kimisinin ərinə xəyanət etdikdən sonra boşanıb öz əməllərini ört-basdır etmək üçün keçmiş ərinə şər-böhtan atan qızından, kimisinin hörmətli olduğu halda “Əşi, onun nə hörməti var ki?” dedikləri oğlundan və daha nələrdən danışırdılar.
Diqqətimi çəkən məqamlardan biri isə yas sahiblərinin məclisə gəlmədiyi üçün haqqında danışdıqları bir ailə oldu. Həmin ailəni mən yaxından tanıyıram. Ətraflarında əyləşən insanları inandırmağa çalışırdılar ki, guya filankəs arvadını boşayırdı, biz qoymadıq və daha nələr, nələr…
Bu qədər qiybətin fonunda gözüm mərasim zalında, mollanın başı üzərində asılmış mərhumun şəklinə sataşdı. Qəlbimdən isə belə bir fikir keçdi: “Bədbəxt balası bədbəxt, elə bil sən bu dünyada yaşamamısan.”
Çünki əvvəllər yas məclisləri belə deyildi. Məclis başlayandan qurtarana qədər dünyasını dəyişən insanın bu həyatda yaşadığı xoş xatirələr danışılardı. Bəzi xatirələrə insanlar dodaqaltı gülümsəyər, bəzilərinə isə kövrələrdilər.
İndi isə elə bil yas məclislərimiz tamamilə dəyişib. Öz ölülərini unudub, başqalarının dirilərinə şər-böhtan atır, qiybət edirlər.
Nə isə, adət-ənənəyə hörmət əlaməti olaraq yas sahiblərinə başsağlığı verib məclisi tərk etdim. Yol boyu isə yas məclisində iştirak etmədiklərinə görə haqlarında olmazın şər-böhtan danışılan insanlara, yas məclisində iştirak etməmələrinə görə haqq qazandırmaqla yanaşı, özümü də bir məsələyə görə qınayırdım: Bəlkə də belə məclisdə iştirak etməkdənsə, etməmək daha yaxşı olardı.
Çünki el arasında belə insanların həm sağlığında, həm də ölümündən sonra bir adı var: İBNƏ.
Bu yazını oxuyan hər kəs öz vicdanında bir sualı cavablandırsın: Biz yas məclisinə dünyasını dəyişən insanın yaxınlarına təskinlik verib onu yad etməyə gedirik, yoxsa başqalarının həyatını müzakirə edib qiybət etməyə?
Patrul.az media şirkətinin rəhbəri Səməndər Niftəliyev






