İraqda Trampın başına 10 milyon dollar pul qoyuldu
İraqda fəaliyyət göstərən və İran tərəfindən dəstəklənən “İslami Müqavimət” qruplaşması ABŞ prezidenti Donald Trampın öldürülməsinə görə 10 milyon dollar məbləğində pul mükafatı təyin edib.
Patrul.az xəbər verir ki, bu barədə məlumatı İranın dövlət xəbər agentliyi (IRNA) yayıb.
Məlumata görə, qruplaşmanın bu qərarı qəbul etməsinə səbəb Donald Trampın Ağ Evdə İraqın baş naziri Əli əl-Zeydi ilə görüşü zamanı səsləndirdiyi qalmaqallı fikirlər olub. Tramp kameralar qarşısında rəsmi əməliyyatda Qasım Süleymaninin ölümü ilə bağlı bu ifadələri işlədib:
“Mən onu öldürdüm. O, çox pis insan idi. Həmin əməliyyatda bir iraqlı – Əbu Mehdi əl-Mühəndis də öldürüldü. Ona görə də sizə yaxşılıq edib-etmədiyimi bilmirəm”.
Trampın İraqın baş nazirinə ünvanladığı bu sualdan sonra qruplaşma üzvləri dərhal bəyanat yayaraq, onun sui-qəsdinə görə 10 milyon dollar nağd mükafat vəd etdiklərini açıqlayıblar.
Xatırladaq ki, SEPAH-ın “Qüds” qanadının keçmiş komandanı Qasım Süleymani 3 yanvar 2020-ci il tarixində İraqın paytaxtı Bağdadın hava limanı yaxınlığında ABŞ ordusuna məxsus pilotsuz təyyarənin (PUA) raket zərbəsi nəticəsində həlak olub. Həmin əməliyyat zamanı onunla birlikdə İraqın “Həşdi-Şabi” qüvvələrinin rəhbər müavini Əbu Mehdi əl-Mühəndis də öldürülmüşdü.







