İlham Əliyev-Donald Tramp dialoqu Azərbaycanın diplomatik gücünü təsdiqləyir” - Bəhruz Məhərrəmov
Azərbaycan Prezidenti İlham Əliyevlə ABŞ Prezidenti Donald Tramp arasında qarşılıqlı etimada əsaslanan dialoq, eləcə də bu münasibətlərin beynəlxalq müstəvidə doğurduğu siyasi nəticələr son günlər geniş müzakirə olunur.
Mövzu ilə bağlı Patrul.az-a danışan Milli Məclisin deputatı Bəhruz Məhərrəmov iki ölkə arasında formalaşan münasibətlərin regional və qlobal əhəmiyyətini dəyərləndirib.
Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə ABŞ Prezidenti Donald Tramp arasındakı qarşılıqlı etimada əsaslanan dialoq, sadəcə, iki liderin fərdi rəğbətinin təzahürü olmayıb, həm də Cənubi Qafqazda formalaşan yeni siyasi-hüquqi arxitekturanın, habelə Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan suveren gücünün və qlobal arenadakı mütləq diplomatik çəkisinin bariz nümunəsidir.
Deputat qeyd edib ki, IV Şuşa Qlobal Media Forumunda dövlətimizin başçısının səsləndirdiyi konseptual fikirlərin və xüsusilə Donald Trampın regional sülhün bərqərar olunmasındakı rolunun vurğulandığı məqalənin ABŞ Prezidenti tərəfindən rəsmi sosial şəbəkə hesabında paylaşılması rəsmi Bakının beynəlxalq hüququn norma və prinsiplərinə söykənən legitim mövqeyinin qlobal supergüc tərəfindən ən ali səviyyədə qəbul edilməsini hüquqi-siyasi müstəvidə leqallaşdırır.

B.Məhərrəmovun sözlərinə görə, bu kontekstdə, Azərbaycanın münaqişədən sonrakı dövrdə əldə etdiyi hərbi-strateji üstünlüyü uğurlu diplomatik nailiyyətlərlə möhkəmləndirməsi, məhz Prezident İlham Əliyevin çoxvektorlu və praqmatik xarici siyasət vizyonu sayəsində dövlətimizin regional güc mərkəzindən qlobal miqyasda qərar qəbul edən, təzyiqlərə qarşı daxili immunitetə malik və bərabərhüquqlu tərəfdaşlıq diktə edən subyekt mərtəbəsinə yüksəlməsinin qanunauyğun nəticəsidir.
Deputat vurğulayıb ki, iki lider arasındakı bu münasibətlər xətti Vaşinqtonda qərəz diktə edən Demokratlar iqtidarının formal bəyanatlarından və ya keçmiş ATƏT-in Minsk Qrupunun otuz illik dondurulmuş sülh imitasiyasından fərqli olaraq, tərəflərin suveren hüquqlarına və ərazi bütövlüyünün toxunulmazlığına real təminat verən yeni, ədalətli regional asayişin qurulmasında əsas hərəkətverici qüvvə kimi çıxış edir və Azərbaycanı beynəlxalq hüququn subyekti kimi ən yüksək diplomatik zirvəyə daşıyır.
Ləman Sərraf






