media-inshot_20260717_104539680

Son günlər sosial şəbəkələrdə sürətlə yayılan, Lionel Messinin illər əvvəl bir körpəni çimizdirdiyi fotoşəkil ətrafındakı müzakirələr rəsmi həllini tapıb.

Patrul.az xəbər verir ki, UNICEF tərəfindən verilən bəyanatda şəkildəki həmin körpənin həqiqətən də İspaniya millisinin və “Barselona”nın hazırkı ulduz futbolçusu Lamine Yamal olduğu təsdiqlənib.

Məlum olub ki, sözügedən tarixi foto 2007-ci ilin dekabr ayında “Barselona” Fondu və UNICEF tərəfindən birgə təşkil edilən xeyriyyə təqvimi layihəsinin bir hissəsi olaraq çəkilib. Kataloniyanın məşhur “Diario Sport” qəzeti üçün hazırlanan bu təqvimdən toplanan vəsait uşaq hüquqlarının müdafiəsinə yönəldilmişdi.

Həmin vaxt cəmi 5 aylıq olan Lamine Yamalın ailəsi Barselonanın Mataro şəhərinin Roka Fonda məhəlləsində yaşayırdı. Ailə UNICEF-in keçirdiyi püşkatmada qalib gələrək klubun ulduzlarından biri ilə şəkil çəkdirmək hüququ qazanmışdı. Püşk tamamilə təsadüfi şəkildə o zaman yenicə parlayan 20 yaşlı Lionel Messinin üzərinə düşüb.

Həmin vaxt şəkli lentə alan fotoqraf Joan Monfort o zamanlar Messinin çox utancaq olduğunu söyləyib:

“Messi o vaxt çox utancaq idi. Plastik vannada olan körpəni necə tutacağını, ona necə yanaşacağını bilmirdi. Çəkiliş əvvəlcə bir az çətin keçsə də, uşağın anası Şeyla Ebananın köməkliyi ilə kadr uğurla tamamlandı”.

UNICEF həmçinin bu gün həm Messi, həm də Lamine Yamalın uşaqların həyatını yaxşılaşdırmaq üçün çalışdıqlarını da diqqətə çatdırıb.

Qeyd edək ki, şəklin doğruluğunu Lamine Yamal özü də təsdiqləyib. İspaniya Dünya Kubokunun finalına yüksəldikdən sonra Yamala illər əvvəl Messi ilə çəkilmiş şəkilləri göstərilib. Futbolçu isə belə cavab verib:

“Bəli, mən bir az böyümüşəm və düşünürəm ki, Leo da böyüyüb. Ümid edirəm ki, bu, baş verəcək. Dünya Kubokunun finalında Messi ilə qarşılaşmaq istərdim”.

“Düzü, çox təəccüblənirəm. Messi məni qucağında saxlayır, mən isə ona tərəf baxmıram da. O vaxt nə etdiyimdən xəbərsiz idim. Amma tarixin ən yaxşı futbolçusu ilə belə bir fotom olduğu üçün çox xoşbəxtəm”, – deyə futbolçu əlavə edib.

Tarixin ən böyük möcüzəsi isə fotodan tam 19 il sonra yaşıl meydanlarda gerçəkləşəcək. Belə ki, indiyə qədər rəsmi matçlarda heç vaxt üz-üzə gəlməyən Lionel Messi və Lamine Yamal ilk dəfə məhz 19 iyul 2026-cı il tarixində qarşı-qarşıya gələcəklər.

FİFA tərəfindən təsdiqlənən rəsmi təqvimə əsasən, Amerika Kubokunun qalibi Argentina və Avropa çempionu İspaniya ABŞ-nin Nyu-Cersi ştatında keçiriləcək Dünya Kubokunun finalında rəqib olacaqlar. İspaniya yarımfinalda Fransanı 2:0 hesabı ilə üstələyib, Argentina isə İngiltərəyə qarşı geridə olduğu oyunda geri dönüş edərək 2:1 hesabı ilə qələbə qazanaraq finala yüksəlib.

media-yillardir-konusulan-fotografin-20060131-3029_1_m media-yillardir-konusulan-fotografin-20060131-6768_1_m

Gülbəniz Səfərova


Bənzər xəbərlər