media-inshot_20260216_161306465

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Azərbaycanın aqrar sektorunda əməkdaşlığı dərinləşdirmək niyyətindədir. Bakıda keçirilən Azərbaycan-BƏƏ qida və kənd təsərrüfatı üzrə işgüzar dəyirmi masada çıxış edən BƏƏ-nin iqlim dəyişikliyi və ətraf mühit naziri Amna Aldahak Al Shamsi bildirib ki, tərəflər AZPROMO ilə birgə strukturlaşdırılmış yol xəritəsi hazırlayaraq konkret mərhələlər üzrə irəliləyişi izləyəcək və təşəbbüslərin icrasını qiymətləndirəcəklər.

BƏƏ-nin Azərbaycanla kənd təsərrüfatı üzrə yol xəritəsi hazırlaması ölkə iqtisadiyyatına hansı müsbət təsirləri göstərə bilər və bu əməkdaşlıq uzunmüddətli perspektivdə aqrar sektorun inkişafına necə töhfə verə bilər?

Bu mövzu ilə bağlı Patrul.az-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, Birləşmiş Ərəb Əmirlikləri ilə kənd təsərrüfatı əməkdaşlığı Azərbaycanda investisiya, ixrac və məşğulluğun artmasına töhfə verə bilər:

“Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə Azərbaycanın kənd təsərrüfatı sahəsində yol xəritəsi hazırlaması ölkə iqtisadiyyatı üçün bir sıra mühüm müsbət nəticələr verə bilər. Belə əməkdaşlıq ilk növbədə aqrar sektora xarici investisiyaların cəlb olunmasını sürətləndirə bilər. BƏƏ kapital imkanları və müasir aqrotexnologiyalar sahəsində təcrübəsi ilə seçilir və bu təcrübənin Azərbaycana transferi məhsuldarlığın artmasına, yeni texnologiyaların tətbiqinə və istehsal xərclərinin azalmasına səbəb ola bilər.

Bu proses kənd yerlərində məşğulluğun artmasına da müsbət təsir göstərə bilər. Yeni aqroparkların, emal müəssisələrinin və logistika mərkəzlərinin yaradılması əlavə iş yerləri formalaşdırar, regionların sosial-iqtisadi inkişafını gücləndirər. Eyni zamanda kənd təsərrüfatı məhsullarının emal səviyyəsinin yüksəlməsi əlavə dəyər yaradar və ixrac imkanlarını genişləndirər.

BƏƏ bazarı Azərbaycan üçün strateji ixrac istiqamətlərindən birinə çevrilə bilər. Xüsusilə ərzaq təhlükəsizliyinə böyük önəm verən Körfəz ölkələri keyfiyyətli kənd təsərrüfatı məhsullarına davamlı tələbat göstərir. Bu isə Azərbaycanın qeyri-neft sektorunun payının artmasına və iqtisadiyyatın şaxələndirilməsinə töhfə verə bilər”.

media-img-20260116-wa0041-3

İqtisadçı qeyd edir ki, uzunmüddətli perspektivdə bu yol xəritəsi aqrar sahədə dayanıqlı və rəqabətqabiliyyətli inkişafı təmin edərək ərzaq təhlükəsizliyini gücləndirə, idxaldan asılılığı azalda və iqtisadi artıma sabit töhfə verə bilər:

“Uzunmüddətli perspektivdə belə yol xəritəsi aqrar sahədə dayanıqlı inkişaf modelinin formalaşmasına şərait yarada bilər. Su ehtiyatlarından səmərəli istifadə, innovativ suvarma sistemləri, rəqəmsal kənd təsərrüfatı və iqlimə uyğunlaşma strategiyaları sektorun rəqabət qabiliyyətini artırar. Nəticədə kənd təsərrüfatı ümumi daxili məhsulun artımında daha sabit və davamlı rol oynaya bilər.

Bu əməkdaşlıq həm də texnologiya və bilik mübadiləsini gücləndirərək yerli mütəxəssislərin peşəkar inkişafına şərait yaradar. Uzun müddətdə isə aqrar sektorun modernləşməsi ölkənin ərzaq təhlükəsizliyini möhkəmləndirər, idxaldan asılılığı azaldar və ümumi iqtisadi artımı dəstəkləyən mühüm dayaqlardan birinə çevrilə bilər”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər