media-inshot_20250917_090949093

Portuqaliyanın “Benfika” futbol klubunun baş məşqçisi Bruno Laje vəzifəsindən azad olunub.

Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, bu qərar 17 sentyabrda UEFA Çempionlar Liqasının ilk turunda “Benfika”nın Ağdamın “Qarabağ” klubuna 2:3 hesablı məğlubiyyətdən dərhal sonra verilib.

Xatırladaq ki, Bruno Lajenın “Benfika”ya dönüşü bir ildən çox sürüb. O, 2024-cü ilin sentyabrında komandaya rəhbər təyin olunmuşdu. Bu müddətdə yalnız Liqa Kubokunu qazanaraq mövsümü Portuqaliya çempionatında və Portuqaliya Kubokunda ikinci pillədə tamamlayıb. Çempionlar Liqası və Klublararası Dünya Çempionatında isə “qırmızılar” 1/8 finaldan uzağa gedə bilməyib.

Yeni mövsümdə Lage ilə “Benfika” Portuqaliya liqasında və Super Kubokda üç qələbə və bir heç-heçə ilə məğlubiyyətsiz irəliləyib. Çempionlar Liqasında isə Lissabon təmsilçisi ilkin mərhələdə “Nitsa” üzərində iki qələbə, “Fənərbaxça”ya qarşı isə İstanbulda heç-heçə, doğma meydanda isə qələbə qazanmışdı.

Lakin “Qarabağ”la oyun bütün mənzərəni dəyişdi. “Benfika” ilk 15 dəqiqədə Barreneçea və Pavlidisin qolları ilə 2:0 hesabı ilə önə keçsə də, son dəqiqələrdə “Köhlən atlar” inanılmaz dönüş edərək Leandro Andrade, Kamilo Duran və Aleksey Kaşçukun qolları ilə 3:2 hesablı tarixi qələbə qazandı.

Matçın sonunda “Estádio da Luz” tribunalarında azarkeşlər kütləvi şəkildə fit çalaraq, ağ dəsmalları yelləyiblər. Bu da Portuqaliya futbolunda ənənəvi olaraq baş məşqçinin istefası tələbi kimi qəbul olunur.

Portuqaliya mətbuatının məlumatına görə, “Benfika” rəhbərliyi Bruno Lajenın yerinə Joze Mourinyonu gətirməyi nəzərdən keçirir. Xatırladaq ki, Mourinyo qısa müddət əvvəl “Fənərbaxça”da uğursuz nəticələrdən sonra qovulmuşdu.

Qeyd edək ki, “Qarabağ”ın Lissabonda qazandığı tarixi qələbə Azərbaycan futbolunda yeni səhifə açdı. Ağdam klubu bununla Çempionlar Liqasında qələbə qazanan ilk Azərbaycan təmsilçisi kimi tarixə düşdü. Qələbə “Qarabağ”ın UEFA reytinqində xallarını artıraraq 25-ci pilləyə yüksəlməsinə səbəb olub. Üstəlik, bu uğur komandanın büdcəsinə də ciddi təsir göstərəcək, UEFA-dan 2,1 milyon avro bonus ayrılacaq.

Gülbəniz Səfərova


Bənzər xəbərlər