"Bərdə faciəsi bütün Azərbaycan xalqına qarşı törədilmiş müharibə cinayəti idi"- Politoloq
“Bu gün Azərbaycan tarixinin ən qanlı və unudulmaz səhifələrindən biri – Bərdə terror aktının baş verməsindən 5 il ötür. 2020-ci ilin 28 oktyabrında Ermənistan silahlı qüvvələri tərəfindən mülki əhalinin sıx məskunlaşdığı Bərdə şəhərinə “Smerç” raketləri ilə endirilən zərbə nəticəsində onlarla günahsız insan şəhid oldu, yüzlərlə insan yaralandı. Bu hadisə yalnız bir şəhərə qarşı deyil, bütün Azərbaycan xalqına qarşı törədilmiş növbəti müharibə cinayəti idi”.
Bunu Patrulaz.az-a açıqlamasında politoloq Ramiz Alıyev Bərdə terror aktının 5-ci ildönümü ilə bağlı təəssüratlarını bölüşərkən deyib.
Politoloqun sözlərinə görə, Ermənistanın müharibə zamanı Bərdə və digər şəhərlərə raket hücumları Azərbaycan xalqında qorxu yaratmaq məqsədi daşıyırdı:
“Bu gün Azərbaycan tarixinin ən qanlı və unudulmaz səhifələrindən biri – Bərdə terror aktının baş verməsindən 5 il ötür. 2020-ci ilin 28 oktyabrında Ermənistan silahlı qüvvələri tərəfindən mülki əhalinin sıx məskunlaşdığı Bərdə şəhərinə “Smerç” raketləri ilə endirilən zərbə nəticəsində onlarla günahsız insan şəhid oldu, yüzlərlə insan yaralandı. Bu hadisə yalnız bir şəhərə qarşı deyil, bütün Azərbaycan xalqına qarşı törədilmiş növbəti müharibə cinayəti idi.
Ermənistanın 44 günlük Vətən Müharibəsi zamanı Bərdə ilə yanaşı, Gəncə, Tərtər, Naftalan, Mingəçevir, Goranboy, Ağcabədi kimi şəhər və rayonlara da raket və artilleriya hücumları həyata keçirildi. Məqsəd aydın idi – cəbhədə ard-arda uğursuzluğa düçar olan Ermənistan rəhbərliyi terror vasitəsilə Azərbaycan cəmiyyətində qorxu, panika və çaşqınlıq yaratmaq istəyirdi. Lakin bu plan iflasa uğradı. Əksinə, bu vəhşiliklər Azərbaycan xalqının birliyini, ordusuna və Ali Baş Komandanına olan inamını daha da gücləndirdi”.
R. Alıyev vurğulayıb ki Azərbaycan ordusu Bərdə, Gəncə və Tərtərdə baş verən faciələr zamanı beynəlxalq humanitar hüquqa sadiq qalaraq mülki şəxslərə toxunmadı və qisasını döyüş meydanında ədalətli şəkildə aldı:
“Bərdə terroru, Gəncə faciəsi, Tərtərin hər gün atəşə tutulması və yüzlərlə mülki şəhid – bunlar təkcə statistik rəqəmlər deyil, hər biri Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuş iztirab dolu xatirələrdir. Lakin həmin günlərdə Azərbaycan dövləti və ordusu beynəlxalq humanitar hüququn tələblərinə sadiq qaldı. Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycan Ordusu heç bir zaman mülki şəxsləri, yaşayış məntəqələrini və dinc əhalini hədəfə almadı. Bizim ordumuzun qisası döyüş meydanında, ədalətli və şərəfli savaşda alındı.
Şəhidlərimizin qanı yerdə qalmadı. Bərdə, Gəncə, Tərtər və digər şəhərlərdə həlak olan mülki vətəndaşlarımızın qisası 2020-ci ilin noyabrında – Azərbaycanın Zəfəri ilə tamamlandı. Ordumuz hər qarışı qanla alınan torpaqları azad etdi, işğal altında qalan şəhər və kəndlərimizi geri qaytardı”.

Politoloq həmçinin bildirib ki, Bərdə faciəsi Azərbaycan xalqının iradəsini sındıra bilmədi:
“Bu Zəfər təkcə hərbi uğur deyil, həm də ədalətin, milli ləyaqətin və beynəlxalq hüququn bərpası idi.
Bu gün, Bərdə faciəsinin ildönümündə xalqımız şəhidlərin ruhu qarşısında baş əyir, onların müqəddəs xatirəsini ehtiramla anır. Azərbaycan xalqı və dövləti üçün bu hadisələr bir daha göstərdi ki, düşmən istənilən vəhşiliyə əl atsa da, Azərbaycan xalqının iradəsini sındıra bilməz. Terror və zorakılıqla deyil, ədalət və birliklə ucalan bir xalqın səsi Zəfərlə dünyaya yayıldı.
Bu gün Bərdə yenidən qurulur, şəhərin yaraları sağalır, lakin xalqımızın yaddaşında o faciə bir xəbərdarlıq kimi qalır: biz ədaləti savaş meydanında təmin etdik, amma düşmənin törətdiyi hər bir cinayət tarix qarşısında cavabsız qalmayacaq. Azərbaycanın haqq səsi, Bərdədə, Gəncədə və bütün işğaldan azad edilmiş torpaqlarda ucalan Zəfər bayrağı ilə əbədi yaşayacaq”.
Cəmilə Cəfərzadə






