media-inshot_20251027_174519991

“Bərdə terroru, 27–28 oktyabr 2020-ci ildə Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın Bərdə şəhərinə raket hücumları nəticəsində baş vermiş dəhşətli bir faciədir. O dəhşətli gün, itkilər və ağrı hər bir azərbaycanlının qəlbində hələ də canlıdır. Ermənistan silahlı qüvvələrinin Bərdəyə endirdiyi raket hücumları nəticəsində 27 nəfər həlak olub, 80 nəfərdən çox insan yaralanıb. Bu, yalnız müharibə cinayəti deyildi, həm də insanlığa qarşı açıq terror aktı idi”.

Bu sözləri Patrulaz.az-a açıqlamasında deputat Elnarə Akimova Bərdədəki terror aktından 5 il keçməsi və Azərbaycanın 44 günlük Vətən Müharibəsindəki qələbəsi barədə öz təəssüratlarını bölüşərkən deyib.

Deputatın sözlərinə görə, Bərdədəki faciə ilə Azərbaycan xalqının ürəyinə qorxu salınmaq istənsə də, soydaşlarımız yenə də öz birliyini nümayiş etdirdi:

media-inshot_20251027_173924180

“Hər bir itki, hər bir şəhidimizin adı bizim yaddaşımızda əbədidir. Amma həmin faciə xalqımızı sındırmadı, əksinə bir yumruq kimi birləşdirdi. Biz anladıq ki, düşmənin məqsədi qorxu yaratmaq və müqaviməti sındırmaq idi, amma Azərbaycan xalqı geri çəkilmədi. Qəlbimizdəki birlik və qəhrəmanlıq sayəsində hər bir təhlükəni dəf etdik.

Bu faciə həm də Azərbaycanın müdafiə və təhlükəsizlik sistemində dönüş nöqtəsi oldu. Mülki əhalinin qorunması, hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsi və beynəlxalq hüquqi mübarizənin aktivləşdirilməsi bir daha prioritet oldu. Azərbaycan həm döyüş meydanında, həm informasiya, həm də diplomatik cəbhədə çevik və qətiyyətli addımlar atdı”.

media-inshot_20251027_173258450

E. Akimova vurğulayıb ki, 44 Günlük Vətən Müharibəsindəki qalibiyyəti də xatırladaraq bildirib ki, bu gün həm kədər, həm də qürurla yad edilir:

“Daha sonra 44 Günlük Vətən Müharibəsi zamanı Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etdi, Bərdə və digər bölgələrdə yaşanan faciələrə layiqli cavab verdi. Şəhidlərimizin qanı yerdə qalmadı, qazilərimizin qəhrəmanlığı xalqımızın qürur simvoluna çevrildi.

Bu günü biz həm kədər, həm də qürur hissi ilə yad edirik. Kədərimizi unutmadan, itkilərimizin ağırlığını ürəyimizdə daşıyaraq deyirik ki, Azərbaycan xalqı sülh istəyən, amma təhlükəsizliyini hər zaman qorumağa hazırdır. Şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizin fədakarlığını ehtiramla yad edirik.

Bərdə faciəsi bizə bir daha göstərdi ki, Azərbaycan xalqı birliyini qoruduğu müddətcə hər təhlükəni dəf edə bilər, vətən sevgisi və milli qürur isə gələcək nəsillərə əbədiyyət kimi ötürüləcək.

Şəhidlərimizin ruhu şad olsun!”.

media-inshot_20251027_173355309

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər