Beş ölkə İsrailə görə “Avroviziya”nı boykot etdi
2026-cı ilin “Avroviziya” mahnı müsabiqəsi 1970-ci ildən bəri ən böyük siyasi böhranlardan biri ilə üzləşib.
Patrul.az xəbər verir ki, İspaniya, İrlandiya, Niderland, İslandiya və Sloveniya müsabiqədə İsrailin iştirakına etiraz olaraq 70-ci yubiley yarışmasından rəsmən imtina etdiklərini açıqlayıblar.
Həmin ölkələrin ictimai yayımçıları bu qərarı Qəzzada davam edən hərbi əməliyyatlar və bölgədəki humanitar vəziyyətlə əlaqələndiriblər. Onların fikrincə, İsrailin müsabiqədə iştirakı yarışmanın “apolitik” prinsiplərinə ziddir.
Bununla yanaşı, İspaniyanın RTVE, İrlandiyanın RTÉ və Sloveniyanın RTV kanalları yarışmada iştirakdan imtina etməklə yanaşı, həm də müsabiqənin yarımfinal və final mərhələlərini yayımlamayacaqlarını bildiriblər.
Sloveniyanın dövlət televiziyası isə müsabiqə günlərində Fələstindəki vəziyyəti əks etdirən sənədli filmlər nümayiş etdirəcəyini açıqlayıb.
Avropa Yayım Birliyi hələlik bu kütləvi boykotla bağlı hər hansı rəsmi sanksiyanın tətbiq olunub-olunmayacağı barədə yekun qərar verməyib.
Qeyd edək ki, boykot nəticəsində müsabiqədə iştirak edən ölkələrin sayının 35-ə düşdüyü bildirilir. Bu isə son 20 ilin ən aşağı göstəricilərindən biri hesab olunur.






