Bəyanatlar atəşkəs deyir, silahlar isə müharibə - Politoloq səbəbləri açıqladı
Rusiya 9 May – Qələbə Günü münasibətilə birtərəfli atəşkəs elan etsə də, Ukraynanın Moskvaya dron hücumları və Rusiyanın buna cavab zərbələri davam edir. Bu barədə Rusiya Müdafiə Nazirliyi son bəyanatında bildirib. Qeyd olunub ki, Rusiya Ukraynaya məxsus 264 pilotsuz uçuş aparatını (PUA) məhv edib. Həmçinin xüsusi hərbi əməliyyat zonasında ümumilikdə 1365 atəşkəs pozuntusu qeydə alınıb.
Ukrayna tərəfi isə Rusiya qoşunlarının atəşkəsin qüvvəyə mindiyi ilk saatlardan etibarən Ukrayna mövqelərinə 850-dən çox dron zərbəsi endirdiyini və 10-dan artıq hücum əməliyyatı həyata keçirdiyini açıqlayıb.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin 9 May – Qələbə Günü münasibətilə cəmi iki gün – 8 və 9 may tarixlərində atəşkəs elan edib. Volodimir Zelenski isə bu təklifi Rusiyanın Moskvadakı hərbi paradı təhlükəsiz keçirmək üçün bir neçə saatlıq “sükut” əldə etmək cəhdi və “taktiki aldatmaca” adlandırıb. O, qısamüddətli fasilə əvəzinə ən azı 30 günlük tam və dərhal atəşkəs tələb edib. Bundan sonra Zelenski də mayın 5-dən 6-na keçən gecə saat 00:00-dan etibarən Ukraynanın birtərəfli “sükut rejimi” tətbiq etdiyini açıqlayıb.
Bəs tərəflər atəşkəs elan etməsinə baxmayaraq, niyə onların rəsmi ritorikası ilə real hərbi addımları üst-üstə düşmür?
Bununla bağlı politoloq Rəşad Bayramov Patrul.az-a açıqlamasında bildirib ki, tərəflər arasında etimadın olmaması belə şəraitin yaranmasına səbəb olur:
“Əslində hazırda baş verənlər – Ukrayna tərəfindən mayın 5-də elan olunan atəşkəsə Rusiyanın müsbət cavab verməməsi, Ukrayna ərazilərinin bombalanması, həmçinin Zelenskinin Rusiyanın 9 May paradı ilə bağlı elan etdiyi atəşkəsə müsbət yanaşmaması müharibənin struktur mahiyyətindən qaynaqlanan sistemli ziddiyyətdir. Yəni təkcə Zelenskinin yox, hər iki tərəfin bir tərəfdən sülh ritorikası səsləndirməsi, digər tərəfdən isə intensiv hərbi əməliyyatları davam etdirməsi məhz bu uyğunsuzluğun nəticəsidir. Burada əsas məsələ qarşılıqlı etimadın minimum səviyyədə olmasıdır.
Ukrayna Rusiyanın birtərəfli şəkildə və Moskvanın maraqları çərçivəsində elan etdiyi atəşkəsə haqlı olaraq müsbət yanaşmır. Çünki indiyədək Ukraynanın atəşkəslə bağlı təklifləri heç vaxt Rusiya tərəfindən dəstəklənməyib. Buna görə də Ukrayna öz mövqeyini aktiv müdafiə və təzyiq strategiyası üzərində qurmağa məcbur qalıb.
Moskva istiqamətinə dron hücumları və Rusiya ərazisinin dərinliklərinə endirilən zərbələr də bu strategiyanın tərkib hissəsidir. Kiyev bu addımlardan həm hərbi balans yaratmaq, həm də Rusiyanın arxa cəbhədəki təhlükəsizliyini pozmaq üçün istifadə edir. Yəni Ukrayna üçün atəşkəs yalnız şərtsiz və uzunmüddətli təhlükəsizlik təminatı olduğu halda mümkün hesab olunur. Qısamüddətli və simvolik fasilələr isə strateji risk kimi qiymətləndirilir”.

R. Bayramov bildirib ki, Ukrayna Rusiyanın elan etdiyi atəşkəsin arxasında başqa məqsədlər görür:
“Digər tərəfdən, Rusiya tərəfindən 9 May kimi simvolik günlər ətrafında elan edilən birtərəfli atəşkəslər Ukrayna tərəfindən etibarlı və real sülh təşəbbüsü kimi qəbul edilmir. Kiyev bu təklifləri daha çox taktiki xarakterli addımlar hesab edir. Ukrayna mövqeyinə görə, belə atəşkəslər müharibənin fundamental səbəblərini həll etmir, əksinə, tərəflərdən birinə qısamüddətli yenidən qruplaşma və resurs toplamaq imkanı yaradır. Buna görə də Ukrayna bu cür təşəbbüslərə ya şərtli yanaşır, ya da ümumiyyətlə skeptik mövqe sərgiləyir. Başqa sözlə, hər iki tərəf atəşkəs ideyasını prinsip etibarilə qəbul etsə də, onun məzmunu və şərtləri ilə bağlı mövqeləri tamamilə fərqlidir.
Ukrayna beynəlxalq auditoriyaya sülhə açıq olduğunu göstərmək istəyir. Eyni zamanda, real təhlükəsizlik təmin olunmadığı üçün hərbi təzyiqi davam etdirməyə məcburdur. Rusiya isə öz təşəbbüslərini daha çox siyasi və simvolik çərçivədə, öz maraqları kontekstində təqdim edir. Bu da Ukraynanın etimadsızlığına və nəticədə təşəbbüslərin bloklanmasına səbəb olur. Ümumiyyətlə, hər iki tərəfin ritorikası ilə real hərbi addımlarının üst-üstə düşməməsi müharibənin mahiyyətindən qaynaqlanır. Bu, təkcə kommunikasiya ziddiyyəti deyil, strateji maraqların toqquşmasıdır.
Rusiya Ukraynanın atəşkəs təkliflərini qəbul etmədiyi kimi, Kiyev də Moskvanın simvolik atəşkəs təşəbbüslərinə real və təminatlı sülh mexanizmi kimi yanaşmır. Buna görə də hazırkı mərhələdə sülh bəyanatları və müharibə reallığı paralel şəkildə, lakin bir-birinə zidd istiqamətdə davam edir”.
Gülbəniz Səfərova






