"Beynəlxalq hüququn gücsüzlüyünə demək olar ki, hər həftə şahidlik edirik" - DEPUTAT
Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində bildirib ki, dünyadakı proseslər o istiqamətdə gedir ki, hər bir ölkə ilk növbədə öz hərbi potensialını, təhlükəsizliyini gücləndirməlidir:
“Bugünkü dünyada beynəlxalq hüquq deyilən məsələ yoxdur. Bunu hər kəs gərək unutsun. Güc var, əməkdaşlıq var, müttəfiqlik var, qarşılıqlı dəstək var”.
Dövlət başçımızın bu çıxışı barədə Patrul.az-a şərh verən Milli Məclisin deputatı Bəhruz Məhərrəmov qeyd edib ki, beynəlxalq hüququn gücün hüququ qarşısında aciz qalması ilə bağlı möhtərəm Prezidentin dünən ifadə etdiyi mövqe müasir reallıqların, o cümlədən Azərbaycanın özünün 30 ildən artıq bir müddətdə məruz qaldığı ədalətsizliklərin praktik ifadə formasıdır:

“Acı həqiqətdir ki, dövlət başçımızın özünün də müsahibəsində ifadə etdiyi kimi, beynəlxalq hüququn gücsüzlüyünə, demək olar ki, hər həftə yaşanan proseslərin gedişatında şahidlik edirik. Bu isə beynəlxalq subyektlər qarşısına yalnız bir seçim qoyur – güclü olmaq. Təbii ki, qütblərarası ziddiyyətlərin dərinləşdiyi, münasibətlərin və ayırıcı xətlərin kəskinləşdiyi bir vaxtda güclü olmaq sadə məsələ deyil”.
“Hərbi-siyasi qələbələrimiz, o cümlədən diplomatik müstəvidə çoxsaylı uğurlar fonunda bu gün əminliklə deyə bilərik ki, Azərbaycan məhz cənab İlham Əliyevin sayəsində özünü güclü beynəlxalq subyekt kimi təsdiq etdirə bilib və nəticə etibarilə hesablaşılan, qlobal təsirə malik orta gücə çevrilib”,– deyə o əlavə edib.
Ləman Sərraf






