Beyninə elektrik verilən şagirdlərin riyazi bilikləri artdı
Beyinə yüngül elektrik siqnalları tətbiq edilməklə riyaziyyat bacarıqları artırıla bilər.
Patrulaz.az Xarici KİV-ə istinadla xəbər verir ki, Oksford alimlərinin tədqiqatı maraqlı nəticə verib.
Oksford Universitetinin apardığı yeni araşdırma sübut edib ki, beynin müəyyən bölgələrinə yüngül elektrik siqnalları verməklə riyaziyyat bacarıqlarını artırmaq mümkündür. Aparılan təcrübədə iştirak edən 72 tələbənin beyninə elektrodlar vasitəsilə zəif cərəyan ötürülüb və onlar 5 gün ərzində testlərdən keçib.
Tədqiqat zamanı elektrik siqnalları beynin iki əsas hissəsinə, dorsolateral prefrontal korteksə (dlPFC) və posterior parietal korteksə (PPC) yönləndirilib. Bu bölgələr riyaziyyat bacarıqları ilə əlaqələndirilir.
Nəticələr göstərib ki, dlPFC-yə verilən stimullaşdırma xüsusilə hesablama bacarıqlarının yaxşılaşmasına səbəb olub. Digər tərəfdən, PPC-yə edilən stimullaşdırmanın təsiri zəif olub və yaddaşla bağlı testlərdə nəzərəçarpacaq inkişaf müşahidə edilməyib.
Alimlər həmçinin bu iki beyin bölgəsi arasındakı əlaqə gücünü də yoxlayıblar. Məlum olub ki, bu bölgələr arasında zəif əlaqəsi olan şəxslər stimullaşdırmadan daha çox fayda görüblər. Onların nəticələri digərlərlə müqayisədə daha çox yaxşılaşıb.
Tədqiqat rəhbəri, nevroloq Roi Koen Kadosh qeyd edib ki, bu metod öyrənmə çətinlikləri yaşayan insanlar üçün faydalı ola bilər:
“Texnologiya ev istifadəsinə yaxınlaşıb, amma geniş tətbiq üçün əlavə sınaqlar vacibdir”.
Binghamton Universitetindən psixoloq Sung Joo Kim isə xəbərdarlıq edir:
“Bu cür stimullaşdırmalar fərdi beyin quruluşuna uyğunlaşdırılmalıdır”.
Qeyd edək ki, əvvəlki bir araşdırmada bu metodun peşəkar riyaziyyatçılarda performansa mənfi təsir göstərə bildiyi də müəyyən olunub. Alimlər texnologiyanın potensialını etiraf etsələr də, geniş istifadədən öncə daha çox elmi sübuta ehtiyac olduğunu bildirirlər.