Binədə nəqliyyat xaosu: mənzərə Hindistan küçələrini xatırladır - VİDEO
Binə qəsəbəsində ictimai nəqliyyat sahəsində yaranmış vəziyyət sakinlər arasında ciddi narahatlıq doğurur. Xüsusilə pik saatlarda qəsəbənin mərkəzində qanunsuz fəaliyyət göstərən, texniki cəhətdən yararsız mikroavtobuslar dayanacaqları zəbt edərək sərnişin daşıyırlar.
Patrulaz.az-ın məlumatına görə, bu mikroavtobusların əksəriyyəti heç bir lisenziyaya malik deyil və sürücülər nəzarətdən yayınmaq üçün dövlət qeydiyyat nişanlarını çıxarırlar. Nəticədə nəzarət mexanizmləri bu nəqliyyat vasitələrinin hərəkətini müəyyən edə bilmir, qanuni qaydada fəaliyyət göstərən sürücülər isə haqsız vəziyyətlə üzləşirlər.
Mikroavtobusların dayanacaqları zəbt etməsi səbəbindən rəsmi avtobuslar sərnişinləri dayanacaqda deyil, yolun hərəkət hissəsində mindirib-düşürmək məcburiyyətində qalırlar. Bu isə tıxacların yaranmasına və yol-nəqliyyat hadisələri üçün risklərin artmasına səbəb olur. Eyni zamanda, qanuni avtobuslar elektron nəzarət vasitələri ilə cərimələnirlər.
Sakinlərin sözlərinə görə, vəziyyət artıq adi hal alıb və qəsəbənin mərkəzi sanki nizamsız nəqliyyat məntəqəsini xatırladır. Görüntülərdən də aydın olur ki, yaranmış mənzərə müəyyən mənada Hindistanda müşahidə edilən nizamsız sərnişindaşıma hallarını xatırladır.
Bu səbəbdən aidiyyəti qurumlardan, xüsusilə Daxili İşlər Nazirliyi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən xahiş olunur ki, Binə qəsəbəsində qanunsuz sərnişindaşıma hallarına qarşı ciddi və davamlı tədbirlər görülsün, ictimai nəqliyyatın fəaliyyəti qaydalara uyğun şəkildə tənzimlənsin.
Gülbəniz Səfərova






