Bir fincan qəhvə neçə saat yuxusuzluğa səbəb olur? - MARAQLI
Hər səhər çoxlarımızın ilk ehtiyacı bir fincan qəhvədir. Yuxudan ayılmaq, iş rejiminə uyğunlaşmaq, konsentrasiyanı artırmaq üçün seçilən bu içki, sadəcə vərdiş deyil, eyni zamanda kimyəvi bir müdaxilədir. Amma bu “ayılma dəmləməsi” çox vaxt günümüzü xilas etsə də, gecəmizi oğurlaya bilər. Bəs bir fincan qəhvə neçə saat yuxusuzluğa səbəb ola bilər?; Kofein beynimizdə nəyi dəyişir?
Patrulaz.az bu barədə araşdırma edib.
Kofein mərkəzi sinir sistemini stimullaşdıran bir maddədir. O, yuxu gətirən bir molekul – “adenozin”in təsirini bloklayaraq oyanıqlığı artırır. “Adenozin” gün ərzində beyində toplanır və yuxu siqnalı verir. Kofein isə bu siqnalı səssizləşdirir. Nəticədə biz özümüzü daha ayıq, enerjili hiss edirik. Ancaq bu, təbii yuxu ritmlərimizin pozulması hesabına baş verir.
Qəhvə bədəndə nə qədər qalır?
Kofeinin yarı ömrü, yəni bədən tərəfindən parçalanaraq yarıya qədər təsirini itirmə müddəti 2 saatdan 12 saata qədər dəyişə bilər. Bu fərq bir neçə amildən asılıdır:
– Genetik quruluş
– Yaş
– Hamiləlik vəziyyəti
– Siqaret istifadəsi
– Qaraciyər sağlamlığı
Məsələn, nikotin kofeini daha tez parçalayır. Siqaret çəkənlərdə yarı ömür qısa, hamilə qadınlarda isə daha uzundur.
Kofein yuxuya necə təsir edir?
Araşdırmalar göstərir ki, kofein:
• Yuxuya getmə müddətini uzadır;
• Yuxu müddətini azaldır;
• Xüsusilə dərin yuxu mərhələsini zəiflədir;
• Səhər yuxudan oyananda yorğun hiss etməyə səbəb olur.
Məlumata görə, günortadan sonra qəhvə içənlərin 88%-i yuxu problemi yaşadığını bildirir.
Gecə yatmaq istəyirsənsə, bu saatdan sonra qəhvə içmə!
Mütəxəssislər kofeinin təsirinin gecə yuxusuna mane olmaması üçün onu yatmazdan ən az 6-8 saat əvvəl kəsməyi tövsiyə edir. Yəni, əgər saat 23:00-da yatmağı planlayırsınızsa, saat 15:00-dan sonra qəhvə içmək risklidir. Yuxu üzrə mütəxəssis Dr. Dustin Cotliarın sözlərinə görə, kofein insanı enerjili hiss etdirə bilər, ancaq bu, yaxşı yuxunun alternativi deyil. Hətta yuxuya gedilsə belə, dərin yuxu mərhələsinə keçməyimizə mane ola bilər.
Təsirləri fərqli ola bilər
Hər kəsin kofeinə qarşı reaksiyası eyni deyil. Bəziləri bir fincan qəhvədən sonra gecəni gözü açıq keçirir, digərləri isə qəhvədən dərhal sonra yuxuya gedə bilir. Amma bu, keyfiyyətli yuxu aldıqları anlamına gəlmir. Qəhvə işlərin bol olduğu bir vaxtda çıxış yolu kimi görünə bilər, amma onun gecəyə olan təsiri bəzən çox ağır başa gəlir. Özünü enerjili hiss etmək üçün qəhvəyə güvənmək etibarlı olsa da, bədəninin ehtiyac duyduğu yeganə enerji mənbəyi bərpaedici və dərin yuxudur.
Gülbəniz Səfərova






