Bir gündə 650 zərbə: Rusiya Ukraynaya ən genişmiqyaslı hücumunu həyata keçirdi - VİDEO
Oktyabrın 30-da Rusiya Silahlı Qüvvələri Ukraynanın bir sıra vilayətlərinə genişmiqyaslı raket və pilotsuz uçuş aparatı (PUA) ilə zərbələr endirib.
Patrulaz.az xarici KİV-ə istinadla xəbər verir ki, hücumlar zamanı əsasən Vinnitsa, Kiyev, Nikolayev, Çerkassı, Poltava, Dnepropetrovsk, Çerniqov, Sumı, İvano-Frankivsk və Lvov vilayətləri hədəfə alıb.
Məlumata görə, ən ciddi ziyan Xarkov və Sumı vilayətlərinə dəyib. Belə ki, Sumıdakı yanacaqdoldurma məntəqəsinə endirilən zərbə nəticəsində 4 nəfər xəsarət alıb, ətrafdakı nəqliyyat vasitələrinə isə ziyan dəyib.
Bundan başqa, Zaporojye vilayətində yerləşən yataqxanaya düşən raket nəticəsində çoxsayda insan həlak olub. Hadisə yerindən yayılan görüntülərdə xilasedicilərin dağıntılar altından sağ qalanları, o cümlədən həyatını itirənlərin cəsədlərini çıxarmağa çalışdığı əks olunub. Zaporojyedə həmçinin enerji infrastrukturuna da zərbə endirilib.
“Shot” Telegram kanalının məlumatına görə, 100-dən çox “Geran-2” tipli PUA və onlarla “Kinjal” və “Kalibr” raketləri Ukraynanın hərbi və enerji obyektlərinə hücum edib.
Ukrayna Prezidenti Volodimir Zelenski isə hücumlar barədə “telegram” kanalında bildirib ki, Rusiya bir gecə ərzində Ukraynaya ümumlikdə 650-dən çox pilotsuz uçuş aparatı ilə zərbələr endirib. Onun sözlərinə görə, nəticədə enerji infrastrukturu ciddi zərər görüb.
Qeyd edək ki, Kiyevin bəzi ərazilərində zərbələr səbəbilə elektrik enerjisi kəsilib.
Gülbəniz Səfərova






