Bir səsin yaratdığı qorxu və panika: Qətliam törətmiş şəxsin “qaçdı” şayiəsini yayanları hansı cəza gözləyir?
Son vaxtlar ölkəmizdə yayılan dezinformasiyalar cəmiyyətdə ciddi qorxu və çaşqınlıq yaradıb. Söhbət ailəsinin 5 üzvünü qətlə yetirmiş Əhməd Əhmədovun müalicə aldığı tibb müəssisəsindən qaçması ilə bağlı yayılan şayiələrdən gedir.
Bir qadına məxsus səs yazısı bu dezinformasiyanın yayılmasına səbəb olub. Onun iddiasına görə, Əhməd xəstəxanadan 10 nəfərlə birlikdə iki nəfəri bıçaqlayaraq qaçıb.
Ardınca isə məsələ ətrafında çaşqınlığı daha da artırmaq, vətəndaşların ürəyinə qorxu salmaq məqsədilə paylaşımlar edilməyə başlanılıb.
Belə ki, sosial şəbəkələrdə həmin tibb müəssisəsinin yerləşdiyi Maştağa qəsəbəsindən çaşqınlıq yaradan videolar yayılır. Lakin məsələ ilə bağlı aidiyyəti qurumlar rəsmi açıqlamalar verərək bu məlumatın həqiqəti əks etdirmədiyini bildiriblər. Hətta Baku TV əməkdaşının həmin psixiatriya xəstəxanasının ətrafında vətəndaşlar arasında apardığı sorğuda da bəzi şəxslər bu hadisədən ümumiyyətlə xəbərinin olmadığını, bəziləri isə bunun şayiə və yalan olduğunu vurğulayıblar.
Lakin apardığım müşahidələrə görə, bəzi vətəndaşların da buna inandığını, hətta məhz bu səbəblə də çölə çıxmağa belə qorxduqlarına şahidlik etmişəm.
Göründüyü kimi, bir nəfərin səsi ilə yayılan saxta məlumatlar məsələni dərinliklərə kimi aparıb.
Digər bir nüans isə həmin vaxt ailəsinin 5 üzvünü öldürən Əhmədin törətdiyi hadisənin insanların yaddaşında yenidən canlandırılmasıdır. İnsanlar niyə yenidən həmin faciəvi hadisəni xatırlayıb, psixoloji cəhətdən yaşadıqları gərginliyi təkrar yaşamalıdır ki?…
Bütün bunları nəzərə alaraq, qanunvericiliyə görə bu kimi dezinformasiyaları yayan, cəmiyyətdə qorxu və panika yaradan şəxsləri hansı cəza gözləyir?
Məsələnin hüquqi tərəfləri ilə bağlı Patrul.az-a vəkil Turan Abdullazadə öz rəyini bildirib.
Onun sözlərinə görə, bu cür şayiələri yayanları 8 ilədək həbs gözləyir:
“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 216-cı maddəsinə əsasən, insanların həlak olmasına, əhəmiyyətli əmlak ziyanının vurulmasına və ya sair ictimai təhlükəli nəticələrin baş verməsinə səbəb ola biləcək hazırlanan partlayış, yanğın və başqa hərəkətlər barəsində bilə-bilə yalan məlumat vermə – beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Həmin Məcəllənin 147.2-ci maddəsinə əsasən, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma – iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.

Vəkil şayiənin hansı hallarda cinayət əlaməti daşıdığını da izah edib:
“Əvvəlcə vacib bir məqamı qeyd etmək istərdim ki, hər yayılan “şayiə” avtomatik olaraq cinayət məsuliyyəti yaratmır. Cinayət məsuliyyəti yalnız konkret tərkib əlamətləri olduqda yaranır – yəni ya ictimai təhlükəli nəticə yaratmaq niyyəti, ya da konkret şəxsə qarşı böhtan elementi olmalıdır.
Sizin qeyd etdiyiniz hadisədə “qətliam törətmiş şəxsin xəstəxanadan qaçması” kimi xəbər – əgər bu xəbər reallıqda olmayıbsa və bilərəkdən yayılıbsa artıq cəmiyyətdə real təhlükə hissi yaradır. Bu halda belə şəxslər 5 ildən 8 ilədək azadlıqdan məhrum edilə bilər.
Amma burada incə fərq var: əgər şəxs sadəcə eşitdiyini paylaşırsa və onun yalan olduğunu bilmirdisə, cinayət tərkibi yaranmaya bilər. Praktikada bu cür dezinformasiyalar adətən üç istiqamətdə qiymətləndirilir:
- İctimai təhlükə yaratma (216) – panika, qorxu, xaos effekti varsa
- Şəxsin nüfuzuna zərər (147) – konkret şəxs hədəfə alınıbsa
- Kütləvi informasiya vasitələri və ya sosial şəbəkələr vasitəsilə yayılma – bu isə məsuliyyəti ağırlaşdıra bilər
Əgər səs yazısını yayan şəxs bunun yalan olduğunu bilə-bilə yayırsa və bu xəbər cəmiyyətdə qorxu və panika yaradırsa, Cinayət Məcəlləsinin 216-cı maddəsi tətbiq oluna bilər”.
Gülbəniz Səfərova






