Bir vaxtlar batmaq üzrə olub indi dünyanın nəhənglərinə çevrilən ŞİRKƏTLƏR
Zaman irəllədikcə, hər şey kimi insan da dəyişir. Zövqlər, tələblər, texnologiya və brendə olan münasibətlər də zamanın axarına uyğun olaraq formalaşır. Bu gün 22-ci əsrə bir addım daha yaxın olduğumuz bir vaxtda, köhnə nəsildən olan insanlar hələ də klassik telefonlardan istifadə edir, bəziləri isə təbii olaraq rəqəmsallığın nə olduğunu bilmir. Bir zamanlar bazarın lideri olan “Nokia”, “MySpace”, “Blackberry”, “Yahoo”, “Toys “R” Us” və “WeWork” kimi şirkətlər artıq geriləyib. Hər dövrün öz zirvəsi var. Amma o zirvədə uzun müddət qalmaq, xüsusilə də texnologiya və biznes dünyasında demək olar ki, mümkünsüzdür.
Bəzən isə əksinə baş verir. Vaxtilə uğursuzluğun dibini görən brendlər dəyişir, dönüş edir və bu gün yeni nəsil üçün ilham mənbəyinə çevrilir.
Patrulaz.az araşdırmasında həmin şirkətləri, onların batmaq üzrə olan taleyini və necə dönüş etdiklərini təqdim edir:
“Apple” – Uçurumun kənarından 3 trilyon dollarlıq zirvəyə

1990-cı illərin sonlarında “Apple” demək olar ki, iflasın astanasında idi. Məhsullarına maraq azalmış, səhmləri ucuzlaşmışdı. Şirkət qeyri-sabitlik içində çabalayırdı. Lakin 1997-ci ildə Steve Jobs-un “Apple”a qayıdışı hər şeyi dəyişdi. O, şirkətə yeni nəfəs gətirdi. Həmin il Microsoft-dan 150 milyon dollarlıq investisiya gəldi və bu dəstək Apple-ın ayaqda qalmasına imkan yaratdı.
2000-ci illərlə birlikdə “Apple iMac”, “iPod iPhone” və “Macbook” kimi inqilabi məhsullarla bazarı dəyişdirdi. 2025-ci ildə şirkət dünyanın ən dəyərli texnologiya nəhəngi kimi 3 trilyon dollarlıq bazar dəyərinə çatıb. Bu, təkcə texnologiya deyil, strategiya və zamanla mükəmməl uyğunlaşma nümunəsidir.
“Nike” – İdman dünyasından qlobal brendə gedən yol

“Nike” da bənzər şəkildə 1970–1980-ci illərdə maliyyə axını problemləri ilə üz-üzə qalmışdı. Ucuz Çin məhsulları ilə rəqabət şirkətin bazar payını təhlükəyə atmışdı. Amma “Nike” çox ağıllı bir addım atdı – basketbol əfsanəsi Michael Jordan ilə “Air Jordan” ayaqqabısı üçün müqavilə imzaladı. Bu sadəcə bir idman ayaqqabısı deyil, bir dövrün simvoluna çevrildi.
Markalaşmaya böyük önəm verən “Nike”, bu gün dünya üzrə ən çox satılan idman ayaqqabısı markasına çevrilib. Rəqiblərindən fərqli olaraq, o həm imic, həm texnologiya, həm də kreativlik baxımından liderliyini qorumağı bacarıb.
“Netflix” – DVD-dən dijital inqilaba

“Netflix” 2000-ci illərdə DVD kirayəsi ilə məşğul olan bir şirkət idi. Model çox köhnə və effektiv görünmürdü, buna görə də tənqidlər çox idi. Amma 2010-cu illərdə “Netflix” radikal bir dönüş etdi və axın (streaming) platformasına çevrildi. “House of Cards” kimi orijinal seriallarla izləyici bazasını qurdu. Bu gün “Netflix” dünya üzrə 260 milyondan çox abunəçisi olan, öz kontenti ilə film sənayesinə yön verən güc mərkəzidir. Yalnız televiziya deyil, əyləncə anlayışını da dəyişib.
“Samsung” – Çin malları arasında sayılan brenddən texnologiya nəhənginə

1990-cı illərdə Samsung keyfiyyətsiz və ucuz Asiya məhsulları ilə eyni sırada qiymətləndirilirdi. Amma şirkət bu stereotipi dağıtmaq üçün ciddi şəkildə texnologiyaya, innovasiyaya və dizayna sərmayə qoydu.
Smartfon bazarına böyük girişlə, xüsusilə Galaxy seriyası ilə “Samsung” bir anda “Apple”ın əsas rəqibinə çevrildi. Bu gün şirkət təkcə mobil telefon deyil, televizor, məişət texnikası və çiplər üzrə də dünya lideridir.
“Pepsi” – İki dəfə iflasdan sonra Coca-Cola ilə rəqabətə qayıdan brend

“Pepsi” 1931-ci ildə rəsmi olaraq iflas etmişdi. Amma yeni rəhbərlik şirkəti yenidən formalaşdıraraq sadə və cəlbedici 5 sentlik butulka formatı ilə bazara qayıtdı. Bu addım “Coca-Cola” ilə rəqabətdə şirkətin yerini yenidən müəyyənləşdirdi.
Hal-hazırda “PepsiCo” yalnız içki markası deyil, qlobal miqyasda Frito-Lay, Quaker, Tropicana və s. kimi çoxsaylı brendlərlə fəaliyyət göstərir. “Coca-Cola” ilə yanaşı, dünyanın ən böyük içki nəhənglərindən biridir.
Zamanla ayaqlaşmaq böyük zəhmət tələb edir. Axan zaman heç nəyi gözləmədiyi üçün bugünkü nəhəng sabah yox ola bilər, amma çevik olan, trendləri görən, zamanla uzlaşan şirkətlər illər keçsə də, yenidən zirvəyə qayıda bilir. Apple, Netflix və Samsung kimi brendlər bunun canlı sübutudur. Onların tarixçəsi isə sahibkarlıqla, liderliklə və vizyonla maraqlanan hər kəs üçün dərsdir.






