"Biz bu ölümlərin xroniki xəstəliklərdən deyil, işgəncələr nəticəsində baş verdiyini sübut edəcəyik" - VƏKİL
Yekaterinburq şəhər məhkəməsi iyunun 27-də saxlanılan Azərbaycan vətəndaşı Əhliman Gənciyev barəsində 72 saat müddətinə həbs qətimkan tədbiri seçib.
Patrulaz.az “APA”ya istinadən xəbər verir ki, hazırda eyni iş üzrə saxlanılan digər şəxs – Bakir Səfərovun barəsində də qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə prosesi keçirilir.
Məlumata görə, indiyədək bu iş çərçivəsində üç nəfər barəsində 22 günlük, iki nəfər barəsində isə 72 saatlıq həbs qətimkan tədbiri tətbiq olunub.
Əhliman Gənciyevin vəkili İlkin Əmirovun sözlərinə görə, onun müvəkkili saxlanıldıqdan sonra fiziki təzyiqlərə məruz qalıb:
“Əhliman Gənciyev dəyənəklə döyülüb, ona elektroşok cihazı ilə işgəncə verilib. Sonradan vəziyyətinin pisləşməsi səbəbilə xəstəxanaya yerləşdirilib. Biz hesab edirik ki, o, istintaq materiallarında qeyd olunan cinayətlə heç bir əlaqəyə malik deyil və günahsızdır. Hətta ağır işgəncələrə baxmayaraq, heç bir etiraf verməyib’, – deyə vəkil bildirib.
Hüquq müdafiəçisi əlavə edib ki, istintaq çərçivəsində ümumilikdə 15-ə yaxın şəxs saxlanılıb, iki nəfər isə həyatını itirib. Onun sözlərinə görə, onların ölümləri tibbi səbəblərlə deyil, məhz fiziki işgəncələrlə bağlı olub:
“Biz bu ölümlərin xroniki xəstəliklərdən deyil, işgəncələr nəticəsində baş verdiyini sübut edəcəyik”, – deyə vəkil vurğulayıb.