media-img_5274

Nizami rayonu, Şərifli 1B ünvanında yerləşən Lallar və Karlar Cəmiyyətinə məxsus yataqxananın sakinləri Patrul.az redaksiyasına müraciət edərək qarşılaşdıqları problemlərlə bağlı narazılıqlarını bildiriblər. Sakinlərin əksəriyyətini məcburi köçkünlər təşkil edir.

Onların iddiasına görə, Orbita MTK həmin ərazidə hündürmərtəbəli binalar tikmək məqsədilə Lallar və Karlar Cəmiyyəti ilə razılığa gəlib. Cəmiyyətin öz üzvləri ilə aparılan danışıqlar zamanı hər bir üzvə 80 min manat ödəniş olunması barədə razılaşma əldə edilib. Lakin qeyd olunur ki, bu razılaşma yalnız cəmiyyətin üzvlərini əhatə edir və həmin yataqxanada uzun illər məskunlaşmış məcburi köçkünlər prosesə daxil edilməyib.

Sakinlərin sözlərinə görə, məcburi köçkün olan ailələr sözügedən ərazidən çıxarılmaları üçün Nizami Rayon Məhkəməsinə verilib. Onlar bildirirlər ki, məsələ ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət etsələr də, hazırda yeni yerləşdirmə üçün uyğun mənzillərin olmadığı cavabını alıblar.

Məcburi köçkünlər narahatdır ki, əgər məhkəmənin qərarı onların yataqxanadan çıxarılması ilə nəticələnərsə, onlarla ailənin harada məskunlaşacağı müəmmalı olaraq qalır. Sakinlər bildirirlər ki, dövlət tərəfindən yeni yaşayış sahəsi təqdim olunmadan köçürülmə aparılması qanunvericiliyə uyğun deyil və onların gələcək taleyi ilə bağlı ciddi suallar yaradır.


Bənzər xəbərlər