“BMT-nin insan haqlarına yanaşması beynəlxalq qanunlarla tərs düşməməlidir”- ŞƏRH
“BMT-nin insan hüquqları üzrə ali komissarı Volker Türk tutduğu vəzifənin məhsuliyyətini tam anlamır. Əgər anlasaydı, mövcud məsələlərə bu cür yanaşmazdı. Bakıda mühakimə edilən erməni millətindən olan şəxslər konkret cinayət əməllərinə görə məhkəmə qarşısında cavab verməli olurlar. Onlara qarşı hər hansı qərəzdən və ya hüquq pozuntusundan söhbət gedə bilməz. Onların törətdikləri insanlıq əleyhinə cinayətlər məhkəmədə müzakirə edilir, araşdırılır və uyğun şəkildə də qiymət veriləcək”.
Bu sözləri Patrulaz.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

O bildirib ki, Azərbaycan dövləti olaraq heç kimi haqsız yerə məhkəməyə çəkməmişik: “Volker Türk ədalətin, hüququn tərəfdarıdırsa, ədalətli məhkəmə prosesinə töhfə verməyin qayğısına qalardı. Volker Türk hazırda erməni revanşistlərinin ağzı ilə danışır. Onların dediklərini təkrarlamaqla BMT-də tutduğu yüksək vəzifəyə layiq olmadığını sübut edir. Azərbaycan dövləti sözügedən şəxsin vəzifəsindən uzaqlaşdırılması üçün mümkün yolları araşdırmalı və BMT qarşısında məsələ qaldırılmalıdır. Çünki BMT-nin insan haqlarına yanaşması beynəlxalq qanunlarla tərs düşməməlidir”.






