Boşanma zamanı ipoteka ilə alınmış ev necə bölünür? – HÜQUQŞÜNAS DANIŞDI
Müasir dövrdə ailələrin mənzil sahibi olmaq üçün ən çox üz tutduğu yollardan biri ipoteka kreditidir. Uzunmüddətli ödənişlər, ortaq maliyyə öhdəlikləri və gələcəyə hesablanan planlar bu prosesi təkcə iqtisadi deyil, eyni zamanda ailədaxili münasibətlərin də bir hissəsinə çevirir. Lakin həyat hər zaman planlaşdırıldığı kimi getmir. Bəzən ipoteka ödənişləri davam etdiyi bir vaxtda ailədə ciddi fikir ayrılıqları yaranır və bu da boşanma ilə nəticələnir. Belə məqamda ən çox mübahisə doğuran məsələlərdən biri evlilik dövründə ipoteka krediti ilə alınmış mənzilin taleyi olur. Tərəflər arasında “bu ev kimə qalacaq?”, “ödənilmiş və ödənilməmiş kredit məbləği necə nəzərə alınacaq?” kimi suallar ortaya çıxır.
Bəs qanunvericilik ipoteka ilə alınmış evin boşanma zamanı bölünməsini hansı prinsiplər əsasında tənzimləyir və bu prosesdə hansı məqamlar həlledici rol oynayır?
Sualımıza cavab almaq üçün Patrul.az olaraq Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyinin sədri Fariz Əkbərova müraciət etdik.
O bildirib ki, qanunvericiliyə əsasən ailə mübahisələri (nikahın pozulması, aliment tələbi, uşaqların qəyyumluğu və s.), əmək mübahisələri və əmlak mübahisələri üzrə məhkəməyə müraciət etməzdən öncə mediasiya prosesindən keçmək məcburidir:
“Azərbaycan Respublikasının Ailə Məcəlləsi ər-arvadın əmlakına münasibətdə onların əmlakının ümumi birgə mülkiyyəti prinsipini nəzərdə tutur. Ər-arvadın ümumi birgə mülkiyyəti dedikdə nikah müddətində onların əldə etdiyi əmlak başa düşülür.
Əgər ev nikahdan əvvəl ipoteka ilə alınmış və kredit şəxsin şəxsi vəsaitləri hesabına ödənilmişdirsə, bu əmlak tam şəkildə onun şəxsi mülkiyyəti hesab olunur və bölgüyə daxil edilmir. Lakin nikahdan sonra ipoteka borcu birgə vəsaitlər hesabına ödənilibsə (məsələn, hər iki tərəfin gəlirləri ilə), bu halda digər tərəf əmlakın dəyərinin artımına görə pay tələb edə bilər. Yəni evin özü deyil, evin dəyərinin artan hissəsi birgə mülkiyyətə çevrilə bilər”.
Hüquqşünas qeyd edib ki, əgər ev nikahdan sonra ipoteka ilə alınıbsa və ipoteka krediti ər-arvadın birgə vəsaiti və ya birgə gəliri hesabına ödənilirsə, bu halda ev ailə əmlakı, yəni birgə mülkiyyət hesab olunur və bölünür:
“Birgə mülkiyyətə tərəflərin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri, həmçinin ümumi gəlirlər hesabına əldə edilən əşyalar daxildir. Nəzərə alınmalıdır ki, əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud banklarda əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı digər əmlak onların birgə mülkiyyətindədir”.
F. Əkbərovun sözlərinə görə, qanunvericiliyin təsbit etdiyi digər mexanizm isə şəxsi mülkiyyətdə olan əmlakın hansı hallarda ümumi mülkiyyət hesab oluna bilməsidir:
“Mülki Məcəllənin 225.4-cü maddəsinə əsasən tərəflərdən birinə məxsus olan əmlak o halda onların birgə mülkiyyəti sayıla bilər ki, ər və ya arvad nikah dövründə həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoymuş olsun. Əmlakın dəyərinin əhəmiyyətli dərəcədə artırılmasına əsaslı təmir, avadanlıqların dəyişdirilməsi və s. aid edilə bilər”.
Ləman Sərraf






