“Botelli”nin sahibi böhtan kampaniyasına cavab verdi: “Oğru elə bağırdı, doğrunun bağrı yarıldı” - VİDEO
Son günlər sosial şəbəkələrdə və bəzi platformalarda Botelli mağazalar şəbəkəsi ilə bağlı yayılan iddialara cavab olaraq, şirkətin rəhbəri türkiyəli iş adamı Mustafa Tayat Patrulaz.az-a danışıb. O, yayılan ittihamları əsassız adlandıraraq, məsələnin arxasında şəxsi maraqların dayandığını bildirib.
Mustafa Tayat qeyd edib ki, Botelli-yə məxsus anbarlarda aparılan dezinfeksiya və təmizlik işləri bəzi şəxslər tərəfindən qərəzli şəkildə “paltarlar dərmanlanaraq satılır” kimi qələmə verilir:
“Paltar anbarlarında vaxtaşırı dezinfeksiya və təmizlik işləri aparmaq, bütün peşəkar geyim mağazaları üçün normal prosedurdur. Məqsəd – birə və digər ziyanvericilərin geyimlərə zərər verməsinin qarşısını almaqdır. Hətta bu prosesi bizə xidmət göstərən brend şirkətlərdə həyata keçirir”.
Rəhbər bildirib ki, şirkətə qarşı bu qarayaxma kampaniyalarının arxasında əvvəllər Botelli-də çalışmış, lakin oğurluq və yeyinti hallarına görə işdən uzaqlaşdırılmış şəxslər dayanır:
“Şirkətimizdə 200-dən çox əməkdaş çalışır. Son bir ildə 60-a yaxın işçi qeyri-etik davranışlara, oğurluq və digər pozuntulara görə işdən çıxarılıb. Bu hadisələrin bir çoxunun video sübutları da var. Şirkətə dəyən maddi ziyan isə əhəmiyyətli dərəcədədir. İndi həmin şəxslər qisas məqsədilə böhtan xarakterli məlumatlar yayırlar. Belə hallarda deyirlər: oğru elə bağırdı, doğrunun bağrı yarıldı”.
M.Tayat həmçinin geyimlərin mənşəyi ilə bağlı irəli sürülən iddialara da aydınlıq gətirib. Onun sözlərinə görə, Botelli dünyanın müxtəlif ölkələrindən – o cümlədən Türkiyə, Çin və Azərbaycanın yerli istehsalçılarından geyim məhsulları idxal edir:
“Biz heç bir geyimin markasını dəyişib saxta brend kimi satmırıq. Hər məhsulu hansı ölkədən gətirmişiksə, o adı ilə də təqdim edirik. Bu cür əsassız iddialar təkcə bizim deyil, ümumilikdə yerli biznes mühitinin nüfuzuna zərbə vurur”.
Şirkət rəhbəri sonda bildirib ki, yayılan böhtan xarakterli məlumatlarla bağlı hüquqi müstəvidə tədbirlər görüləcək.