“Böyük Qayıdış Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunub” - DEPUTAT
“Azərbaycan 5 ilə yaxındır tarixi torpaqlarını – Qarabağ və Şərqi Zəngəzuru işğaldan azad edib. Bu ərazilərdə yeni inkişaf mərhələsi başlayıb. Məlumdur ki, işğaldan azad edilmiş ərazilərə böyük qayıdış Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunub”.
Bu sözləri Patrulaz.az-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.
O bildirib ki,Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş, 2022-2026-cı illəri əhatə edən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın hazırlanmasında mütərəqqi beynəlxalq təcrübə, bu sahədə strateji inkişaf tendensiyaları, işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi potensialı və dünya iqtisadiyyatının müasir çağırışları nəzərə alınıb:
“Proqramda 100 yaşayış mənətəqəsi nəzərdə tutulur. Cəmi 9 aya inşa edilmiş Füzuli Beynəlxalq Hava Limanı, Zəngilan hava limanı istifadəyə verilib, Laçın rayonunda hava limanının tikintisi davam edir. “Böyük Qayıdış Proqramı”nın birinci mərhələsinin sonunda – 2026-cı ilin sonunda Qarabağ və Şərqi Zəngəzurda 140 min insan yaşayacaq.
Hazırda “Böyük qayıdış” proqramının icrası plan üzrə davam edir. Təsadüfi deyil ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirənə yetirən, müxtəlif müəssisələrdə işləyən, ümumilikdə, 40 minə yaxın insan yaşayır. Məlum olduğu kimi, ilk köç 2022-ci ilin yayında Zəngilan rayonunun Ağalı kəndinə baş tutub. 2022-2024-cü illərdə yenidən qurulan 10 kənd və şəhərə keçmiş məcburi köçkünlərin qayıdışı təmin olunub. Bunlar Laçın, Füzuli, Şuşa, Xocalı və Cəbrayıl şəhərləri, Zəngilan rayonunun Ağalı, Tərtər rayonunun Talış, Laçın rayonunun Zabux, Sus, Xocalı rayonunun Ballıca kəndləridir. Prezident İlham Əliyevin azad olunmuş ərazilərə səfərləri davam edir, burada yeni yaşayış məntəqələri istifadəyə verilir. Öz dədə-baba yurduna qayıdan soydaşlarımıza yeni mənzillərin açarları təqdim olunur. Bu günlərdə növbəti köç karvanı Ağdərə rayonunun Suqovuşan, həmçinin Ağdam rayonunun Sarıcalı kəndinə çatdı. Ümumiyyətlə, cari ildə daha 20-yə yaxın yaşayış məntəqəsinə keçmiş köçkünlərin qayıtması nəzərdə tutulur. İlin sonuna qədər 30-a yaxın yaşayış məntəqəsində keçmiş köçkünlər məskunlaşacaq”.
Millət vəkilinin sözlərinə görə, eyni zamanda azad olunmuş ərazilərdə təhlükəsizlik tədbirləri də davam etdirilir:
“Belə ki, ərazilərin minalardan təmizlənməsi olduqca vacibdir Bura qayıdan vətəndaşların təhlükəsizliyinin təminatı başlıca vəzifələrdən biridir. Hazırda 159 min hektar ərazi minalardan təmizlənib. 2022-2025-ci illər ərzində ümumilikdə 215 min hektar ərazinin təmizlənməsi nəzərdə tutulur. Bu da öz doğma yurduna qayıdan soydaşlarımızın daha təhlükəsiz şəraitdə məskunlaşmasına zəmin yaradır.
Qarabağ və Şərqi Zəngəzur həm də xarici investorlar üçün cəlbedici regiona çevrilib. Hesab edirəm ki, yaxın gələcəkdə bu bölgə ən inkişaf etmiş regionlardan birinə çevriləcək”.
Ləman Sərraf