media-inshot_20260403_125506214

““Böyük Qayıdış”ın inteqrasiyalı yanaşma əsasında həyata keçirilməsi artıq real nəticələr verməkdədir. “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı”, 8 şəhərin Baş planı və 3 şəhərin Müfəssəl planı təsdiqlənib. Xankəndi, Xocalı, Ağdərə və Xocavənd şəhərlərinin Baş planları isə hazırda işlənmə mərhələsindədir”.

Bu fikirləri Patrul.az-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva səsləndirib.

O bildirib ki, görülən genişmiqyaslı işlərin nəticəsi olaraq, bu gün işğaldan azad edilmiş ərazilərdə dövlət və özəl sektorda çalışanlar, eləcə də təhsil alanlar da daxil olmaqla, 80 mindən çox insan yaşayır və fəaliyyət göstərir:

“Ümumilikdə 41 yaşayış məntəqəsi tikilərək və bərpa edilərək istifadəyə verilib, həmin ərazilərə keçmiş məcburi köçkünlərin qayıdışı təmin edilib.

İşğaldan azad edilmiş ərazilərdə 9 su anbarı və 14 əsas çay mövcuddur. Hazırda bu çay hövzələrində avtomatik suölçmə cihazları quraşdırılır. Eyni zamanda, Həkəri və Bərgüşad çayları üzərində iki yeni su anbarının tikintisi planlaşdırılır. Bu layihələr həm yeni salınacaq şəhərlərin – Ağdam, Füzuli, Cəbrayıl – əhalisinin içməli su ilə təminatında, həm də kənd təsərrüfatının suvarma sistemlərinin bərpasında mühüm rol oynayacaq. Su resurslarının səmərəli idarə edilməsi bölgədə ekoloji tarazlığın bərpası üçün vacib amildir”.

media-img-20260403-wa0016

Məskunlaşmanın dayanıqlılığının birbaşa məşğulluq imkanlarının yaradılması ilə bağlı olduğunu söyləyən millət vəkili əlavə edib ki, yeni iş yerlərinin açılması, kənd təsərrüfatı, xidmət sektoru, istehsal, tikinti və logistika sahələrində fəaliyyət imkanlarının genişləndirilməsi, həmçinin sahibkarlığın təşviqi, investorların cəlb olunması və dəstək mexanizmlərinin tətbiqi mühüm əhəmiyyət daşıyır:

“Uzun illər viran qalmış ərazilərdə indi tamamilə yeni konsepsiya ilə – “ağıllı kənd” modeli əsasında yenidən qurulub. Bu konsepsiya ən yaxşı nümunədir. Ölkəmiz növbəti il Ümumdünya Şəhərsalma Forumuna evsahibliyi edəcək.Burada “ağıllı şəhər”, “ağıllı kənd”, “yaşıl enerji zonası” kimi layihələr, yerli təcrübə və innovativ yanaşmalar təqdim olunacaq.

Hazırda Məskunlaşma, iqtisadi fəallığın artırılması, sahibkarlığın inkişafı və mədəni irsin bərpası istiqamətində davamlı iş aparılır.

Bu gün Qarabağda qurulan hər yeni şəhər, quraşdırılan hər günəş paneli, təmizlənən hər hektar torpaq – gələcək nəsillər üçün daha təmiz, təhlükəsiz və davamlı bir həyatın təməlini qoyur. Qarabağ və Şərqi Zəngəzur artıq yaşıl dirçəlişin, innovasiyanın və sülhün rəmzinə çevrilib”.

Ləman Sərraf


Bənzər xəbərlər