"Çirkin adamların şəklini çəkmə!" - Turistləri təəccübləndirən Şimali Koreya QAYDALARI
Şimali Koreyaya səfər edən rusiyalı turistlər qeyri-adi və sərt davranış qaydaları ilə üzləşiblər.
Patrulaz.az “Life.ru”ya istinadən xəbər verir ki, turistlərə ölkədə olduqları müddətdə nələri çəkə biləcəkləri və necə davranmalı olduqları ilə bağlı dəqiq təlimatlar verilib.
Turist Daria bildirib ki, bələdçi onlara çirkin insanların, səliqəsiz küçələrin və pis görnüşlü evlərin şəkillərini çəkməyi qadağan edib. Səfər boyunca bələdçi rus turistlərin kamera və telefonlarla etdikləri çəkilişləri diqqətlə izləyib.
Bundan əlavə, turistlərə liderlərin abidələri qarşısında gülümsəməmək, əlləri yanlarda saxlamaq və baxışları düz irəli yönəltmək kimi konkret davranış tələbləri də qoyulub. Hətta geyim qaydalarına da ciddi nəzarət olunub. Onlara pencəklərinin bütün düymələrini düymələməsi tapşırılıb.
Buna baxmayaraq, rus turistlər səfərdən pozitiv təəssüratla dönüblər. Onlar bildiriblər ki, özlərini təhlükəsiz hiss ediblər və yerli əhaliyə qarşı hörmət hissi ilə dolublar.
“Bu, başqa planet kimidir. Amma çox nəzakətli planetdir,” – deyə turistlər qeyd ediblər.
Qeyd edək ki, Şimali Koreya ciddi qanunları ilə seçilən ölkələr sırasında ön plandadır.
Gülbəniz Səfərova






