“Bu bəyanat Cənubi Qafqazdakı geosiyasi reallıqların dəyişməsinin növbəti təsdiqidir” - ŞƏRH
“Rusiya Xarici İşlər Nazirliyinin ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı verdiyi bəyanat Cənubi Qafqazdakı geosiyasi reallıqların dəyişməsinin növbəti təsdiqidir. Nazirliyin rəsmi nümayəndəsi Mariya Zaxarovanın Minsk qrupunun artıq aktuallığını itirməsi ilə bağlı fikirləri, post-münaqişə dövründə bölgədə yaranmış yeni status-kvonu əks etdirir”.
Bu sözləri Patrulaz.az-a açıqlamasında Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı deyib.
O bildirib ki, ATƏT-in Minsk qrupu 1992-ci ildə Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün yaradılmışdı:
“Lakin 2020-ci ildə 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmiş, bununla münaqişə aradan qalxmışdır. Bu reallıq fonunda Minsk qrupunun fəaliyyəti və onun vasitəçilik missiyası artıq praktik əhəmiyyətini itirmişdir.
Eyni zamanda bu bəyanat, Rusiyanın bölgədə əsas siyasi və təhlükəsizlik aktoru kimi öz rolunu möhkəmləndirmək istəyi ilə də uzlaşır. Moskva Minsk qrupu daxilindəki Qərb ölkələrinin – ABŞ və Fransanın – son dövrlərdəki mövqelərini və birtərəfli yanaşmalarını nəzərə alaraq bu formatın aktuallığını sual altına alır”.
“Beləliklə, artıq ATƏT-in Minsk qrupunun “tarixi missiyasını” qəhrəman Silahlı Qüvvələrimiz başa çatdırmışdır. ATƏT-in Minsk qrupu birmənalı olaraq ləğv edilməlidir”,- deyə millət vəkili əlavə edib.
Ləman Sərraf