"Bu, bitmiş müharibə yox, idarə olunan qarşıdurmadır" - Politoloq
“Donald Tramp tərəfindən müharibənin bitməsi ehtimalı ilə bağlı səsləndirilən açıqlama hər nə qədər optimist siyasi siqnal kimi görünsə də, əslində real geosiyasi vəziyyəti əks etdirmir. Tərəflər öz mövqelərindən geri çəkilməyib, İran nüvə proqramından imtina etmir, ABŞ isə dəniz blokadasını saxlayır. Belə olan vəziyyətdə Trampın bəyanatları daha çox təzyiq balansını əks etdirir”.
Bu fikirləri politoloq Rəşad Bayramov Patrul.az-a açıqlamasında səsləndirib.
Onun sözlərinə görə, müharibənin bitməsi konkret mexanizm tələb edir:
“Dövlətlərarası müharibə yalnız siyasi bəyanatla bitmir. Biz ABŞ–İran xəttində son illərin dinamikasına da nəzər saldıqda görürük ki, periodik olaraq eskalasiya və de-eskalasiya müşahidə edilir. Yəni, hansısa zaman ərzində gərginlik artır, hərbi insidentlər və qarşılıqlı zərbələr baş verir, daha sonra isə diplomatik kanallar açılır və vəziyyət nisbətən sabitləşir. Bu, isə bitmiş müharibə yox, idarə olunan qarşıdurma modelidir.
Trampın sanksiyaların yumşaldılması ilə bağlı mesajı da tipik “təzyiq və təşviq” diplomatiyasının tərkib hissəsidir. ABŞ uzun illərdir İranla münasibətlərdə iki paralel strategiya tətbiq edir. Bir tərəfdən iqtisadi və maliyyə təzyiqi, digər tərəfdən isə danışıqlar üçün açıq qapı saxlamaq. Hazırda da hərbi zərbələrdən sonra dəniz blokadası İranı kompromisə məcbur etməyə hesablanıb. Yəni sanksiyaların yumşaldıla biləcəyinə dair mesajlar danışıqlar masasında İranın güzəştlərinə hesablanıb”.

Son məlumatları xatırladan R.Bayramov əlavə edib:
“Vaşinqton və Tehran arasında müharibəyə son qoymaq və nüvə danışıqları ilə bağlı yeni çərçivə müəyyənləşdirmək məqsədilə 14 maddəlik Anlaşma Memorandumu üzrə müzakirələr aparılır. Nəzərdə tutulur ki, razılıq əldə olunacağı halda, 30 günlük keçid dövrü başlayacaq və danışıqların İslamabad və ya Cenevrədə davam etdiriləcək. Fikir ayrılığı əsasən İranın nüvə proqramı ilə bağlıdır və Tramp da sanksiyaların yumşaldılması və dondurulmuş aktivlərin bərpa olunması kimi təkliflərlərə İranın nüvə məsələsində ABŞ-nin şərtlərini qəbul etməsinə çalışır”.
“Hazırkı geosiyasi reallıqda ABŞ–İran münasibətləri üç əsas sütun üzərində dayanır. Bunlar nüvə proqramı ətrafında etimadsızlıq, Yaxın Şərqdə regional təsir mübarizəsi və sanksiyalar sistemidir. Bu üç problem həll olunmadan müharibənin tamamilə bitməsi real deyil. Sadalanan məsələlərlə bağlı razılaşma olacaqmı bunu təbii ki, zaman göstərəcək. Oman vasitəçiliyi ilə keçirilən görüşdən sonra da Tramp razılaşmanın əldə olunmasına yaxınıq kimi bəyanatla çıxış etmişdi amma nəticədə biz 40 günlük müharibəyə şahidlik etdik”,– deyə o, sözlərini yekunlaşdırıb.
Ləman Sərraf






