“Bu cür görüşlər parlamentlərarası əməkdaşlığın dərinləşməsinə şərait yaradır” - ŞƏRH
“Türk dövlətləri arasında əlaqələri genişləndirmək və Türk Dövlətləri Təşkilatını yeni bir güc mərkəzi kimi institutlaşdırmaq Azərbaycanın xarici siyasət prioritetlərindəndir. Bakıda TÜRKPA ( Türk Dövlətləri Parlament Assambleyası) üzv dövlətlərin Müdafiə təhlükəsizlik üzrə komitə sədrlərinin ikinci iclasının keçirilməsi təkcə regionun təhlükəsizlik gündəminin deyil, həm də türkdilli ölkələr arasında strateji əməkdaşlığın gücləndirilməsi baxımından olduqca əhəmiyyətlidir”.
Bu sözləri Patrulaz.az-a açıqlamasında Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı deyib.
Millət vəkili tədbirin üzv dövlətlər arasında müdafiə, təhlükəsizlik, informasiya müharibələri və terrorizmlə mübarizə kimi aktual məsələlər üzrə fikir mübadiləsi aparmaq üçün mühüm bir platforma olduğunu bildirib:
“Yeni qlobal nizama doğru addımladığımız bir dövrdə ölkələrimizin koordinasiyalı şəkildə hərəkət edərək müasir çağırışlara adekvat cavab verməsi zəruridir. Çünki Cənubi Qafqaz və Mərkəzi Asiya geosiyasi maraqların toqquşduğu bir regiondur. Orta Asiya Türk dövlətlərinin təbii resursları Çin və Rusiya ilə yanaşı Avropa İttifaqının da diqqətini cəlb edir. Səmərqənddə ötən həftə keçirilmiş “Avropa İttifaqı- Mərkəzi Asiya” zirvə toplantısı çərçivəsində əldə olunan razılaşmalar və həmin razılaşmalar fonunda Şimali Kipr Türk Cumhuriyyətinə qarşı qərəzli yanaşmaların tətbiqi birliyimizi sarsıtmaqa hesablanmış məkirli planların tərkib hissəsidir. Rəsmi Bakı mövcud reallıqlar kontekstində daha çevik və dinamik mövqe sərgiləyərək təqdirəlayiq gedişlər edir”.
Deputatın sözlərinə görə, eyni zamanda bu cür görüşlər parlamentlərarası əməkdaşlığın daha da dərinləşməsinə, qanunvericilik təcrübələrinin paylaşılmasına və ortaq təhlükəsizlik siyasətlərinin formalaşmasına şərait yaradır:
“Azərbaycan tədbirə ev sahibliyi etməklə regionda sabitlik və təhlükəsizlik məsələlərinə verdiyi önəmi, eləcə də Türk dövlətləri arasında əməkdaşlığın gücləndirilməsində təşəbbüskar mövqeyini bir daha nümayiş etdirdi”.
Ləman Sərraf