media-img_9534

“Gürcüstan-Azərbaycan münasibətləri Cənubi Qafqazda regional siyasətə və təhlükəsizliyə təsir edən əsas amillərdən biridir. Bakı və Tbilisi arasında ikitərəfli əlaqələr iki ölkə arasında qarşılıqlı fəaliyyətin müxtəlif sahələrində, xüsusilə iqtisadi, ticarət, kommunikasiya və enerji layihələrinin həyata keçirilməsində özünü göstərir. Bu ölkələrin regional siyasətin bir sıra məsələlərinə, etnosiyasi münaqişələrin həllinə, xarici aktorların cəlb edilməsinə yanaşmaları bir çox cəhətdən oxşardır. Gürcüstan Prezidenti Mixail Kavelaşvilinin Azərbaycana rəsmi səfəri zamanı keçirilən birgə brifinqdə Prezident İlham Əliyev Bakı ilə Tbilisi arasında əməkdaşlığın prioritet sahə olan nəqliyyat və tranzit sektoruna ciddi təsir göstərdiyini xüsusi olaraq vurğulayıb. Bütün bu amillər Azərbaycan-Gürcüstan münasibətlərinin ümumi dinamikasına mühüm təsir göstərir və eyni zamanda, onların gələcək inkişaf perspektivlərini işıqlandırır”.

Bu fikirləri Patrulaz.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov səsləndirib.

Deputat bildirib ki, iki ölkə ilə yanaşı Türkiyənin də daxil olduğu üçtərəfli əməkdaşlıq formatı region üçün böyük əhəmiyyət kəsb edir:

“Bu əməkdaşlıq Gürcüstanın iqtisadiyyatına xeyli üstünlüklər qazandırır. Gürcüstan-Azərbaycan münasibətlərinin hazırkı strukturunun əsasları təxminən 1990-cı illərin ortalarında qoyulub. Azərbaycan və Gürcüstanın o zamankı rəhbərləri Heydər Əliyev və Eduard Şevardnadzenin sovet dövründən bir-birlərini çox yaxşı tanımaları və kifayət qədər inamlı münasibətlərə malik olmaları xüsusi olaraq dəyərləndirilməlidir. İki böyük dövlət xadiminin əsası qoyulmuş möhkəm təməl üzərində qurulan əlaqələr bu gün uğurla inkişaf edir. Bu əlaqələrin daha da dərinləşməsi və əməkdaşlığın genişləndirilməsi həm Gürcüstanda, həm də Azərbaycanda alqışlanır. İki ölkə arasında dostluq və tərəfdaşlıq münasibətləri regionun firavan gələcəyi üçün möhkəm zəmin yaradır və hər iki xalqın rifahına, sabitliyin qorunmasına, sülhün qorunmasına xidmət edir. Bu əməkdaşlıq modeli regionun digər ölkələri üçün nümunə ola bilər”.

media-a1719fb9-1aa6-4aa6-9ff6-d16d1de11051
Millət vəkili vurğulayıb ki, Gürcüstan Prezidenti Mixail Kavelaşvilinin Azərbaycana səfəri iki ölkə arasında münasibətlərin möhkəmlənməsinə töhfə verəcək və onları yeni səviyyəyə qaldıracaq:

“Söhbət bərpa olunan enerji mənbələri, nəqliyyat potensialının artırılması, investisiyaların cəlb edilməsi, ticarət dövriyyəsinin artırılması və ölkələrimiz arasında münasibətləri yeni səviyyəyə qaldıracaq digər mühüm detallar ilə bağlı o meqalayihələrdən gedir. Ölkələrimizin iştirakı ilə birgə həyata keçirdiyi neft-qaz layihələri, neft-qaz kəmərləri, nəqliyyat, kommunikasiya layihələri, sözün əsl mənasında, böyük əhəmiyyət daşıyır və nəinki Cənubi Qafqazın, Avrasiya regionunun nəqliyyat və enerji xəritəsini yenidən tərtib edən layihələrdir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bu gün Avropanın enerji təhlükəsizliyi haqqında danışırıqsa, bunu Azərbaycansız, Gürcüstansız təsəvvür etmək mümkün deyil”.

Ləman Sərraf


Bənzər xəbərlər