“Bu forum Azərbaycanın beynəlxalq nüfuzunu daha da artıracaq" - Göydəniz Qəhrəmanov
“2026-cı ildə dünyanın şəhərsalma sahəsində ən nüfuzlu platformalarından biri olan Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının Bakı şəhərində keçirilməsi ölkəmiz üçün olduqca mühüm və tarixi hadisədir. Bu forumun Azərbaycanda təşkili bir daha göstərir ki, ölkəmiz beynəlxalq miqyasda etibarlı tərəfdaş, böyük tədbirləri yüksək səviyyədə təşkil edən dövlət və qlobal gündəliyə töhfə verən mühüm aktor kimi qəbul olunur”.
Bu fikirləri Patrul.az-a açıqlamasında Milli Məclisin deputatı Göydəniz Qəhrəmanov səsləndirib.
Millət vəkili ilk növbədə qeyd edib ki, forumun Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun daha da artmasına xidmət edəcək:
“Dünyanın müxtəlif ölkələrindən dövlət rəsmiləri, şəhərsalma üzrə ekspertlər, memarlar, investorlar, beynəlxalq təşkilatlar və dövlət qurumları nümayəndələri ölkəmizə gələcək, Azərbaycanın inkişaf modeli ilə yaxından tanış olacaqlar. Bu isə həm siyasi, həm iqtisadi, həm də humanitar baxımdan ölkəmiz üçün əlavə üstünlüklər yaradacaq.
Bu forum eyni zamanda Azərbaycanın şəhərsalma, memarlıq və dayanıqlı inkişaf sahəsində əldə etdiyi nailiyyətlərin nümayiş etdirilməsi üçün geniş imkan yaradacaq. Xüsusilə son illərdə Bakı şəhərində və regionlarda həyata keçirilən müasir infrastruktur layihələri, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları, azad edilmiş ərazilərdə aparılan yenidənqurma işləri, yaşıl enerji zonalarının yaradılması və ekoloji yanaşmalar beynəlxalq ictimaiyyət üçün maraq doğuran nümunələrdir”.

Müsahibimizin fikrincə, Ümumdünya Şəhərsalma Forumunun Bakıda keçirilməsi xarici investisiyaların cəlb olunmasına da müsbət təsir göstərəcək:
“Forum çərçivəsində keçiriləcək sərgilər, təqdimatlar və biznes görüşləri yeni əməkdaşlıqların qurulmasına, tikinti, şəhərsalma, nəqliyyat, kommunal xidmətlər və rəqəmsal texnologiyalar sahəsində xarici şirkətlərin Azərbaycana marağının artmasına səbəb olacaq.
Bununla yanaşı, forum Azərbaycanın turizm potensialının tanıdılması baxımından da əhəmiyyətlidir. Minlərlə xarici qonaq Bakıya və digər bölgələrə səfər edəcək, ölkəmizin tarixi, mədəniyyəti, qonaqpərvərliyi və müasir infrastrukturu ilə tanış olacaq. Bu isə Azərbaycanın beynəlxalq turizm xəritəsində mövqeyini daha da gücləndirəcək”.
“Ümumilikdə, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun dahada artmasına, iqtisadi və turizm imkanlarının genişlənməsinə, şəhərsalma sahəsində yeni bilik və təcrübələrin əldə olunmasına, eləcə də ölkəmizin müasir və dayanıqlı inkişaf modelinin dünyaya təqdim edilməsinə mühüm töhfə verəcək”,– deyə o əlavə edib.
Ləman Sərraf






