“Bu görüşün nəticəsində normallaşma kontekstində yeniliklər ola bilər” - Pərvanə Vəliyeva
“Cənubi Qafqazda yaranmış sülh reallığı fonunda Əbu-Dabidə Dövlət Başçımızla Ermənistanın Baş naziri Nikol Paşinyan arasında geniş tərkibdə keçirilən görüş regionda hazırki vəziyyəti və etimad quruculuğu tədbirləri çərçivəsində irəliləyişləri müzakirə etmək üçün əlverişli imkan idi. Xatırlatmaq istərdim ki, Əbu-Dabi iki ölkə arasında sülh danışıqlarına ikinci dəfə evsahibliyi edir. Məhz, Vaşinqton razılaşmalarından öncə geniş tərkibdə keçirilən görüşdə sülhün başlıca prinsipləri burada razılaşdırılmışdı”.
Bu sözləri Milli Məclisin deputatı Pərvanə Vəliyeva Patrul.az-a Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında baş tutan görüşün əhəmiyyəti barədə şərh edərkən deyib.
Onun fikrincə, görüşdə hazırda İranla bağlı mövcud vəziyyət də müzakirə oluna bilər:
“Hər iki ölkə İranla həmsərhəddir və qonşuluqda baş verə biləcək münaqişələr bütövlükdə regiona təsir edə bilər.
Qeyd edim ki, TRİPP marşrutunun işə düşməsi ilə əlaqədar hüquqi mexanizmlər qismən müəyyənləşib. Azərbaycan tərəfi də bu istiqamətdə Naxçıvanın dəmiryolunun tikintisi üzrə Avropa İttifaqı ilə əməkdaşlığa başlayıb. Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) burada dəmiryolunun çəkilişinin texniki-iqtisadi əsaslandırmasını aparacaq”.
Millət vəkili əlavə edib ki, Avropa Komissiyasının verdiyi açıqlamalardan onların Zəngəzur dəhlizi layihəsində maraqlı olduğu görsənir:
“Amma Azərbaycan Aİ və donorları gözləmədən işə artıq başlayıb. Zəngilanadək olan hissənin tikintisi davam edir. Biz dəfələrlə belə böyük layihələri uğurla icra etmişik. Bakı-Tbilisi-Qars dəmiryolu buna misaldır.
Digər tərəfdən Zəngəzur dəhlizinə təkcə Azərbaycanın gündəliyi kimi baxılmamalıdır. Bu nəinki bizim region, eləcə də Çindən Avropaya qədər olan coğrafiyada dövlətlərin hər biri bundan faydalanacaq.
Düşünürəm ki, bu görüşün nəticəsi olaraq, normallaşma kontekstində yeniliklər ola bilər. Ticarət, iqtisadi əlaqələr şaxələnərək, təkcə enerji və tranzit deyil, daha yeni sahələrdə özünü göstərə bilər”.
Ləman Sərraf






