media-inshot_20260420_203349568

Bu gün OpenAI şirkətinin “ChatGPT” çat-botu və “Codex” proqramlaşdırma platformasında qlobal nasazlıq qeydə alınıb.

Patrul.az xəbər verir ki, bu barədə Downdetector portalı məlumat yayıb.

Məlumata görə, istifadəçilər bir sıra problemlərlə üzləşiblər. Belə ki, şəxsi kabinetə daxil olmaq mümkün olmayıb, səhifələr tam yüklənməyib və “Gateway Timeout” (403/504) xətaları müşahidə edilib. Bundan başqa, mövcud söhbət tarixçələrinin görünmədiyi, sorğulara cavabların gecikdiyi, eləcə də səsli rejim və şəkil yaradılması funksiyalarının işləmədiyi bildirilib.

Şikayətlər xüsusilə Bakı vaxtı ilə saat 18:05 radələrindən etibarən kəskin artmağa başlayıb.

Nasazlıq “ChatGPT”nin 12 müxtəlif komponentini və “Codex” platformasını əhatə edib. İstifadəçilər həm veb, həm də mobil tətbiq üzərindən xidmətə daxil olmaqda çətinlik çəkiblər.

Məlumata əsasən, problem daha çox Böyük Britaniya (8 mindən çox şikayət), Niderland, Almaniya, Braziliya və ABŞ-da qeydə alınıb. Azərbaycandakı istifadəçilər də xidmətin işində ləngimələr və giriş problemləri ilə üzləşdiklərini bildiriblər.

OpenAI şirkəti isə rəsmi status səhifəsində (status.openai.com) nasazlığı “qismən kəsilmə” kimi təsdiqləyib və problemin araşdırıldığını açıqlayıb. Hazırda mütəxəssislərin xidmətin bərpası istiqamətində çalışdığı, lakin dəqiq vaxtın hələlik məlum olmadığı qeyd olunub.

Xatırladaq ki, oxşar miqyaslı sonuncu ciddi nasazlıq 2026-cı ilin fevral ayında baş vermişdi.


Bənzər xəbərlər