"Bu gün Rusiya da işğala məruz qalsa, Azərbaycan Ukraynaya göstərdiyi mövqeyi sərgiləyəcək" - Əli Zülfüqaroğlu
Məlum olduğu kimi, Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunda Ukraynaya dəstəyini ifadə etməsi Rusiyanın müəyyən dairələrində müzakirələrə səbəb olub. Xüsusilə Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bu məsələyə münasibət bildirərək Azərbaycanın mövqeyinin yanlış olduğunu və iki ölkə arasında fikir ayrılıqlarının mövcudluğunu vurğulayıb.
Nəzərə alsaq ki, bir müddət əvvəl Rusiyanın vurduğu AZAL təyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması və 38 nəfərin həlak olması fonunda Bakı-Moskva münasibətlərində gərginlik yaranmışdı.
Bəs Bakının Kiyevi açıq şəkildə dəstəkləməsi iki ölkə arasındakı münasibətləri yenidən əvvəlki gərgin mərhələyə qaytara bilərmi? Onu da qeyd edək ki, Rusiyada hələ də bəzi azərbaycanlı vəzifəli şəxslər və diaspor üzvləri müxtəlif bəhanələrlə vətəndaşlıqdan məhrum edilir, hətta bəziləri həbs olunur.
Bakı-Moskva münasibətlərinin gələcəyini şərh edən Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu Patrul.az-a açıqlamasında bildirib ki, Azərbaycanın Ukraynanı dəstəkləməsi Rusiyaya qarşı olmaq deyil, sadəcə işğala məruz qalan bir ölkənin mövqeyini ədalət və beynəlxalq hüquq prinsiplərinə əsaslanaraq müdafiə etməkdir:
“Heç bir geosiyasi amil buna hüquqi əsas yarada bilməz. Ümumiyyətlə son zamanlar xüsusilə böyük dövlətlər tərəfindən beynəlxalq hüquq anlayışının iflasına yönəlik addımlar atılması dünyada təhlükəli presedent yaradıb. Bu isə dövlətlərarası münasibətlər sistemində səmimiyyətə, ədalətə və beynəlxalq hüquqa istinad edən Azərbaycan üçün qəbuledilməzdir. Ona görə də dövlət başçısının Ukrayna ilə bağlı mövqeyi təbiidir.
Azərbaycan uzun illər işğaldan, terrorizmdən əziyyət çəkmiş ölkədir. Bu baxımdan işğalın nə olduğunu bir sıra Qərb ölkələrindən fərqli olaraq dərindən bilir, təcavüzün xalqlar üçün yaratdığı ağrını hiss edir.
Dövlətlərarası münasibətlər sistemini tənzimləyən beynəlxalq təşkilatların funksionallığını itirməsi, güc amilinin hüququn önünə çıxması, nəticədə insan hüquqlarının kobud şəkildə pozulması dünyanın əsas problemidir və baş verənlər arzuolunmaz mənzərə yaradır”.

Ə. Zülfüqaroğlu diqqətə çatdırıb ki, Azərbaycanla Rusiya arasında müxtəlif dövrlərdə soyuq münasibətlər müşahidə olunsa da, bu problemin arxada qaldığı ən yüksək səviyyədə açıqlanıb:
“Ona görə də bölgədə reallığa və beynəlxalq hüquqa əsaslanan praqmatik siyasət yürüdən Azərbaycanın ədalətli mövqeyi Rusiya-Azərbaycan arasında münasibətlərin pozulmasına gətirib çıxara bilməz. Azərbaycan heç bir dövlətin ərazi bütövlüyünə təcavüzü dəstəkləmir. Bu gün Rusiya da işğala məruz qalsa, Azərbaycan eyni mövqedən çıxış edəcək və bunu qətiyyətlə rədd edəcək”.
Gülbəniz Səfərova






