"Telefonunuz virusla yoluxub" xəbərdarlıqlarına inanmayın - Ekspertdən ÇAĞIRIŞ
İnternetdə bəzi saytlara daxil olarkən ekranda qəfil “Telefonunuz virusla yoluxub”, “Cihazınız risk altındadır” və ya “Dərhal təmizləyin” kimi xəbərdarlıqlar görünür. Bu cür saxta bildirişlər istifadəçiləri qorxudaraq zərərli tətbiqlər yükləməyə, şəxsi məlumatlarını paylaşmağa və ya ödəniş etməyə sövq etmək məqsədi daşıyır.
Bu tip saxta virus xəbərdarlıqları nə qədər təhlükəlidir, istifadəçilər onları necə ayırd edə bilər və belə bir bildirişlə qarşılaşdıqda hansı addımları atmalıdırlar?
Bu barədə kibertəhlükəsizlik üzrə mütəxəssis Zaur Qasimov Patrul.az-a öz fikirlərini bölüşüb. Onun sözlərinə görə, bu cür saxta xəbərdarlıqlar istifadəçinin şəxsi və maliyyə məlumatlarının oğurlanmasına səbəb ola bilər:
“Bu tip qəfil açılan xəbərdarlıqlar adətən scareware və sosial mühəndislik üsullarının bir hissəsidir. Məqsəd istifadəçidə qorxu və təcil hissi yaradaraq onu saxta linkə klik etməyə, zərərli proqram yükləməyə və ya şəxsi məlumatlarını təqdim etməyə məcbur etməkdir. Belə hallarda əsas risk təkcə cihazın virusa yoluxması deyil. İstifadəçinin login məlumatları oğurlana, hesabları ələ keçirilə, bank kartı məlumatları əldə oluna və cihazda zərərli proqram təminatı quraşdırıla bilər”.

Mütəxəssis qeyd edir ki, məlumatlar paylaşılıbsa, parollar dərhal dəyişdirilməli, iki faktorlu autentifikasiya aktivləşdirilməli və bank kartı məlumatları daxil edilibsə, bankla əlaqə saxlanılmalıdır:
“İstifadəçi belə bir xəbərdarlıq gördükdə heç bir linkə klik etməməli, təqdim olunan proqramı yükləməməli və məlumat daxil etməməlidir. Əgər artıq hər hansı məlumat təqdim edilibsə, parollar dərhal dəyişdirilməli, iki faktorlu autentifikasiya aktivləşdirilməli, kart məlumatları daxil edilibsə bankla əlaqə saxlanılmalıdır. Kibertəhlükəsizlik baxımından burada əsas məsələ budur ki, hücumçular çox zaman texniki boşluqdan əvvəl insan faktorunu hədəfə alırlar. Ona görə istifadəçinin rəqəmsal savadlılığı və bu tip manipulyasiya üsullarını tanıması ən vacib müdafiə mexanizmlərindən biridir”.
Cəmilə Cəfərzadə






