Qatilin izi çiçək tozundan tapıldı: Görünməz detal cinayəti üzə çıxardı
Cinayətlərin araşdırılmasında qan, barmaq izi və DNT əsas sübutlar hesab olunsa da, bəzən adi gözlə görünməyən dəlillər istintaqın taleyini dəyişə bilir. Belə sübutlardan biri də çiçək tozları, yəni polenlərdir.
Patrul.az xarici mediaya istinadən xəbər verir ki, bu üsulun ən diqqətçəkən nümunələrindən biri 2008-ci ildə Yeni Zelandiyanın Kristçörç şəhərində qeydə alınıb. Həmin il 27 yaşlı Mellori Menninq qətlə yetirilsə də, polis uzun müddət cinayətin üstünü aça bilməyib.
İstintaq çıxılmaz vəziyyətə düşdükdən sonra hüquq-mühafizə orqanları polen və sporlar üzrə məhkəmə eksperti Dallas Mildenhallın köməyinə müraciət edib.
Ekspert qurbanın paltarından və burun boşluğundan götürülən nümunələri araşdırarkən çox nadir xüsusiyyətə malik polen dənəcikləri aşkar edib. Məlum olub ki, bu polenlər adi bir məsamə əvəzinə iki məsaməyə malikdir. Araşdırmalar nəticəsində bunun herbisidlərin təsiri nəticəsində yaranmış mutasiya olduğu müəyyən edilib.
Sonrakı araşdırma zamanı məlum olub ki, qurbanın meyitinin tapıldığı əraziyə yaxın yerləşən və cinayətkar dəstənin istifadə etdiyi anbarın ətrafına hadisə baş verən dövrdə herbisid səpilib. Həmin anbardan götürülən nümunələrdə də eyni mutasiyaya uğramış polen dənəcikləri aşkarlanıb.
Məhz bu görünməz detal istintaqın istiqamətini dəyişərək cinayətin açılmasına səbəb olub. Nəticədə 2014-cü ildə Mauha Huataki Fawcett məhkəmənin qərarı ilə qətldə təqsirli bilinərək ömürlük azadlıqdan məhrum edilib.






