media-inshot_20251105_172924340

Son illərdə ictimai yerlərdə siqaret çəkməyə qarşı nəzarət gücləndirilib. Lakin hələ də bəzi insanlar bu qadağanın hansı məkanlarda tətbiq olunduğunu tam dəqiq bilmir və buna görə də qaydaları pozurlar. Qanunvericiliyə görə belə hallarda inzibati məsuliyyət nəzərdə tutulur.

Bəs siqaret çəkmək hansı yerlərdə qadağandır və bu qaydanı pozan şəxsləri hansı cəza gözləyir?

Bu barədə vəkil Roman Qaraşov Patrul.az -a açıqlamasında bildirib ki, Azərbaycanda ictimai yerlərdə siqaret çəkmək qanunla qadağandır və bu qaydanın məqsədi ictimai sağlamlığı qorumaq və tüstüsüz mühit formalaşdırmaqdır:

“Ölkəmizdə ictimai yerlərdə tütün məmulatlarının istifadəsi ictimai sağlamlığın qorunması, sağlam həyat tərzinin təşviqi və gənclərin nikotin asılılığından müdafiəsi məqsədilə qanunla məhdudlaşdırılıb. Bu məhdudiyyətlərin hüquqi əsası “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Qanun və İnzibati Xətalar Məcəlləsi ilə müəyyən olunur. Qanunvericiliyin mahiyyəti yalnız cərimə tətbiq etmək deyil, həm də vətəndaşlarda ictimai məsuliyyət və tüstüsüz mühit mədəniyyəti formalaşdırmaqdır.

Qanunun 10-cu maddəsinə əsasən, tütün məmulatlarının istifadəsi təhsil və tərbiyə müəssisələrində, tibb ocaqlarında, idman zallarında, restoran və kafelərdə, ticarət obyektlərində, mədəniyyət ocaqlarında, uşaq meydançalarında, piyada keçidlərində, avtobus, metro, qatar, gəmi və təyyarələrdə qəti şəkildə qadağandır. Qadağalar həmçinin çoxmənzilli binaların giriş və liftləri, yanacaqdoldurma məntəqələri və tezalışan maddələrlə işləyən müəssisələri də əhatə edir. Yalnız sanitar-gigiyenik tələblərə cavab verən, xüsusi havalandırma sistemi olan qapalı və ya açıq məkanlarda tütün çəkilməsi mümkündür. Müəssisə rəhbərləri bu yerləri təşkil etməyə, həmçinin “Tütün çəkmək qadağandır” yazısının və ya işarəsinin gözəçarpan yerlərdə yerləşdirilməsinə cavabdehdir”.

R. Qaraşov qadağan olunmuş yerlərdə siqaret çəkməyə görə 30–1200 manat cərimə tətbiq olunduğunu vurğulayıb:

“Qaydaları pozan şəxslər inzibati məsuliyyət daşıyırlar. İnzibati Xətalar Məcəlləsinin 212.1-ci maddəsinə görə, qanunla qadağan edilən yerlərdə tütün çəkməyə görə 30 manat cərimə tətbiq olunur. Nəqliyyat vasitələrində məsuliyyət daha sərtdir: hava nəqliyyatında tütün çəkməyə görə 500 manat (İXM, maddə 299), metro vaqonlarında 50 manat (maddə 306.4), dəmir yolu və su nəqliyyatında isə 40 manat (maddələr 305 və 318) cərimə nəzərdə tutulub. Müntəzəm avtobus, taksi və digər ictimai nəqliyyat vasitələrində siqaret çəkən şəxslər də 50 manat məbləğində cərimə olunur (İXM, maddə 322.0.4). Bu diferensial yanaşma ictimai təhlükəsizlik və başqalarının sağlam mühitdə yaşamaq hüququ prinsiplərinə əsaslanır.

Müəssisə və təşkilat rəhbərləri üçün məsuliyyət daha böyükdür. Əgər onlar iş yerlərində tütün çəkmək üçün ayrılmış zonaların tələblərə uyğun təşkilini təmin etmirlərsə və ya xəbərdaredici nişanların yerləşdirilməsinə laqeyd yanaşırlar, bu zaman 400 manat (vəzifəli şəxslər) və 1000 manat (hüquqi şəxslər) məbləğində cərimə tətbiq edilir (İXM, maddə 212.2). Əgər rəhbərlik qadağan olunmuş yerlərdə siqaret çəkilməsinin qarşısını almırsa, bu halda məsuliyyət daha da ağırlaşır – 500 manat (vəzifəli şəxslər) və 1200 manat (hüquqi şəxslər). Bu, korporativ idarəetmədə işəgötürənlərin yalnız iqtisadi deyil, həm də sosial-hüquqi məsuliyyət daşıdığını təsdiqləyir”.

media-inshot_20251105_172350884

Vəkilin sözlərinə görə, yetkinlik yaşına çatmayanlara siqaret satmaq və ya onları tütündən istifadəyə təşviq etmək qanunla qadağandır və 100 manat cərimə ilə cəzalandırılır:

“Yetkinlik yaşına çatmayanların tütündən istifadəyə cəlb olunması da inzibati qaydada cəzalandırılır. Qanun yetkinlik yaşına çatmayanlara tütün məmulatlarının satılmasını, onlara siqaret verməyi və ya siqaret çəkməyə təşviq etməyi qəti qadağan edir. Bu tələbi pozan şəxslər 100 manat məbləğində cərimə edilir (İXM, maddə 212.3). Satıcı alıcının yaşına şübhə etdikdə şəxsiyyət vəsiqəsini tələb etməlidir, əks halda satışdan imtina etməsi hüquqi öhdəlikdir.

Qanun həmçinin tütün tullantılarının ətraf mühitə atılmasını ayrıca inzibati xəta kimi müəyyən edir. Siqaret kötüklərini və digər tütün tullantılarını küçəyə atan şəxs 300 manat cərimə edilir (İXM, maddə 212.4). Əgər bu hal bir il ərzində təkrar baş verərsə, cərimə 700 manata qədər artırılır və əlavə olaraq 60–100 saat ictimai iş tətbiq oluna bilər. Bu tədbirlər ətraf mühitin qorunmasına və şəhər təmizliyinə yönəlmiş preventiv mexanizmlərdir.

Tütün istifadəsinə dair qanunvericiliyin fəlsəfəsi təkcə cərimələr üzərində qurulmayıb. Qanun maarifləndirmə, profilaktika, tibbi və psixoloji yardım, həmçinin reklam və satış stimullarının məhdudlaşdırılması kimi kompleks tədbirləri əhatə edir. Dövlətin vəzifəsi tütündən istifadənin nəticələrindən qorunmanı, tüstüsüz ictimai mühitin yaradılmasını və vətəndaşların sağlamlığının müdafiəsini təmin etməkdir. Bu yanaşma Avropa ölkələrinin və Dünya Səhiyyə Təşkilatının tütünlə mübarizə strategiyalarına uyğun olaraq “tüstüsüz nəsil” modelini dəstəkləyir”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər