Bu mənzərə Milli Qəhrəmanın xatirəsinə hörmətsizlik deyilmi? - VİDEO
Azərbaycanın Milli Qəhrəmanı Hökumə Əliyevanın xatirəsinə hazırlanmış lövhənin bu vəziyyətdə olması təəssüf doğurur.
Patrul.az xəbər verir ki, görüntülər Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində, Atatürk Liseyi, Dünya Məktəbi və Xəzər Universitetinin qarşısında, zibil qutularının yanında lentə alınıb.
Qeyd edək ki, Hökumə Əliyeva 25 dekabr 2024-cü ildə AZAL-a məxsus Bakı–Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin bələdçilərindən biri olub. Təyyarə Qroznı istiqamətində uçuş zamanı Rusiyanın hava hücumundan müdafiə sistemi tərəfindən vurulduqdan sonra idarəetmədə ciddi problemlər yaranıb. Ekipaj təyyarəni Qazaxıstanın Aktau şəhəri yaxınlığında təcili endirməyə çalışsa da, hava gəmisi qəzaya uğrayıb. Hökumə Əliyeva son anlarınadək sərnişinlərin təhlükəsizliyi üçün çalışıb, peşəkarlıq və fədakarlıq nümayiş etdirib. Göstərdiyi qəhrəmanlığa görə o, ölümündən sonra Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülüb.
Qəhrəmanlarımızın xatirəsi hər zaman hörmətlə yad edilməli, onların adına və əməllərinə layiq münasibət göstərilməlidir. Belə lövhələrin zibil qutularının yanında yerləşdirilməsi və baxımsız vəziyyətdə qalması cəmiyyətdə haqlı narazılıq doğurur.
Qəhrəmanlar ölməz, xatirələri unudulmaz!







