"Bu, Netanyahunun həbsxanaya düşmə prosesini sürətləndirəcək" - Əraqçi
“Netanyahunun məhkəməsi bazar günü yenidən başlayır. Livan da daxil olmaqla, bütün regionda atəşkəs onun həbsini sürətləndirərdi”.
Patrul.az xəbər verir ki, bunu İranın Xarici İşlər Naziri Abbas Əraqçi sosial media platformasındakı paylaşımında bildirib.
Həmçinin Əraqçi ABŞ Prezidenti Donald Trampın ya atəşkəs, ya da İsrailin Livana hücumları arasında seçim etməli olduğunu bildirib. O, ABŞ liderini Netanyahunu dəstəkləməklə ölkə iqtisadiyyatını çökdürə biləcəyi barədə xəbərdar edib:
“Əgər ABŞ Netanyahunun diplomatiyanı öldürməsinə icazə verərək öz iqtisadiyyatını çökdürmək istəyirsə, bu, sonda onun öz seçimi olacaq. Biz bunun ağıllı olacağını düşünmürük, amma buna hazırıq”.
Bu açıqlamalardan sonra İsrailin baş naziri Benyamin Netanyahu isə Livana hücumlar davam etsə də, yaxın vaxtlarda onlarla danışıqlar masasına oturacağını bildirib:
“Livanın İsrail ilə birbaşa danışıqlara dair dəfələrlə etdiyi çağırışlara uyğun olaraq, dünən kabinetə Livanla birbaşa danışıqlara mümkün qədər tez başlamağı tapşırdım”.
Məlumat üçün bildirək ki, aprelin 7-də Pakistanın vasitəçiliyi ilə 2 həftəlik atəşkəsi təmin edən 10 bəndlik razılaşmaya ABŞ, İran və İsrail razılıq verib. Lakin atəşkəsin ilk günündə İsrailin Livana zərbə endirməsi İran tərəfindən razılaşmanın pozulması kimi qiymətləndirilib. İsrail və ABŞ atəşkəsin Livana aid olmadığını bildirsələr də, Pakistan hökuməti 10 bəndlik razılaşmada Livan məsələsinin də yer aldığını qeyd edib.
Qeyd edək ki, bu gün ABŞ və İran nümayəndə heyətlərinin sülh danışıqları çərçivəsində Pakistanda üz-üzə görüşməsi gözlənilir. ABŞ nümayəndə heyətinə vitse-prezident JD Vance rəhbərlik edəcək. Heyətə, həmçinin ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşner və Yaxın Şərq üzrə xüsusi elçi Stiv Vitkoff da daxil olacaq.
İran nümayəndə heyətinə isə xarici işlər naziri Abbas Əraqçi və parlament sədri Məhəmməd Bağır Qalibafın daxil olacağı gözlənilir.






