Bu ölkədə 7,5 bal gücündə zəlzələdən sonra sunami xəbərdarlığı edildi
Yaponiyanın şimalında 7,5 bal gücündə zəlzələ baş verib.
Patrul.az xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb.
Sakit okeanda qeydə alınan zəlzələnin təsiri uzaq məsafədə yerləşən paytaxt Tokioda da hündür binaların silkələnməsinə səbəb olub.
Bildirilib ki, yeraltı təkanların sularda yaratdığı dalğalanmalar sunami ehtimalını artırıb.
Məlumata görə, zəlzələdən 40 dəqiqə sonra 80 santimetr hündürlüyündə sunami dalğası İvate əyalətinin Kuji şəhərindəki limana çatıb.
Hökumət hər hansı itki və ya əmlak ziyanının olub-olmadığını müəyyənləşdirməyə çalışır.
“Sahil bölgələrindən və çay kənarı ərazilərdən dərhal yüksək yerlərə və ya təxliyə binaları kimi daha təhlükəsiz məkanlara gedin”, – deyə bəyanatda bildirilib.
Bəyanatda həmçinin 8,0 bal və ya daha güclü zəlzələlərin baş vermə ehtimalının olduğu qeyd edilib:
“Yeni, böyük zəlzələnin baş vermə ehtimalı adi vaxtlarla müqayisədə nisbətən daha yüksəkdir”.






